Gendə gəzib dolanma, dözəmmərəm yar, mənə bax

Gendə gəzib dolanma, dözəmmərəm yar, mənə bax,
Düz çıxmasan əhdinə sevinər əğyar, mənə bax.

Öz vədini yadından çıxarmasın aşiqlər,
Camalını görməsəm qəlbim sızlar, mənə bax.

İndi nələr çəkirəm, sənə əyandı, gülüm,
Öz sözündən dönmə gəl, pozular ilqar, mənə bax.

Dolaşıram hər yanı xəyalən səninlə hey,
Yormasın kaş deyirəm bizi yollar, mənə bax.

Eşqimizə həyatda qibtə edənlər çoxdur,
Əğyar üstümə gülsə, qəlbim ağlar, mənə bax.

Uzaqlara getsən də, könlümdəsən, unutma,
İlqarımız pozulsa, gecikər bahar, mənə bax.

Əli Vəkil düzlüyün, həqiqətin vurğunudur,
Ay qız, sənə deyiləsi vacib sözüm var, mənə bax.

23 iyul 2002