Aşıq Ələsgərsayağı
Adətdir şadlanar, sevinər insan,
Qışdan sonra ilk baharı görəndə.
Nəğmədən, qəzəldən doymaz heç zaman
Məclisdə kamanı, tarı görəndə.
Az deyil satqınlar ulu dünyada,
Namərdlə, yaltaqla dolu dünyada,
Acgözlər tez azar yolu dünyada,
Çuval gödənini yarı görəndə.
Bu Qoca dağıma qartal yaraşır,
Hər uca dağıma qartal yaraşır,
Doğma torpağıma qartal yaraşır,
Şahini yad elə sarı görəndə.
Beşiyim, məzarım Odlar yurdudu,
Sevincim, baharım Odlar yurdudu,
Şöhrətim, vüqarım Odlar yurdudu,
Aşiqlər məst olar yarı görəndə.
Ay Əli, həyata ziynətdir insan,
Sən ona arxalan, dostlara inan,
Halal zəhmətindən həzz alar bağban,
Bağında yetişən barı görəndə.
May 1991