Yadındamı, ay sevgilim, ilk dəfə
Səni bağda gül dərəndə gördüm mən.
Sandım sən də gülsən, gülüm, ilk dəfə,
Güllə birgə sənə könül verdim mən.
Dayanıb çöhrənə etdim tamaşa,
Yaşıl otlar üstə oturduq qoşa,
Dedim ki, arzumuz kaş yetsin başa,
Qızıl gülü sənin üçün dərdim mən.
Bihuş oldum, açıq idi yar, sinən,
Elə bil qar idi, dümağ qar, sinən,
Möcüzəydi bir cüt qoşa nar, sinən,
Gül ətirli saçlarını hördüm mən.
Vallah utanırdı gül səndən onda,
Görsənirdin al güllərin donunda,
Fikrə daldım ilk görüşün sonunda –
Həsrətinə necə sinə gərdim mən?
Əli Vəkil, demə sevgiyə yadam,
Söylə ki, qəlbi od, varlığı odam,
Sən özün gül üzlü, özün gül əndam,
Xoşbəxt oldum, sənli ömür sürdüm mən.
1 fevral 2003