Görüş

Əsgər paltarında görəndə səni,
Xoş hisslər keçirtdim, qabardı köksüm.
Qoru öz ananı, qoru Vətəni,
Ürəkdə dəyanət, üzdə təbəssüm.

Bir az da boy atıb kişiləşmisən,
İnana bmilmirəm gözümə bu gün.
Göz qırpma bu yurdun keşiyində sən,
Qanadsan nğməmə, sözümə bu gün.

Dildə əzbər olub, doğmalaşıbdır
Sən xidmət etdiyin şəhərin adı.
Ananın qayğısı başdan aşıbdır,
Axı sərhəddədir əsgər övladı.

Boylanır hər səhər, baxır hər səhər,
Gözləri yol çəkir, məktub gözləyir.
Bir an tərk etməyir onu xoş hisslər,
«Bu gecə yuxumda görmüşəm», – deyir.

Hədiyyə vəd edir poçtalyona:
«Tez-tez məktub gətir oğlumdan barı.
Hər gün xeyir-dua verirəm ona,
Xəyalən keçirəm uzaq yollara».

Sən ana yurdunun keşiyindəsən,
Anan da oğlunun keşiyindədir.
Sülhün əsgərisiz, əhsən, min əhsən!
Evdə də söz-söhbət hey səndən gedir.

Hərbi hissənizdə görüşdük yenə,
Ata ürəyini döndərdin dağa.
Şərəflə əməl et, oğlum, vədinə,
Sadiqsən elinə, doğma torpağa.

Verib öz borcunu, dön iftixarla,
Fəxr etsin anala atan hər zaman.
Gətir evimizə sən iftixarla
Vətən məhəbbəti, bir də şöhrət, şan!

1986