Götür eşqin sazını çal, sazından doya bilmirəm,
Özgəsini aramayan gözündən doya bilmirəm.
Gəl oturub dərdləşək biz, qoy boşalsın ürəyimiz,
Gülüm, sənin söhbətindən, sözündən doya bilmirəm.
Bizim üçün açılıbdır ilk baharın çiçəkləri,
Mənə töhfə gətirdiyin yazından doya bilmirəm.
Görüşümüz toy-bayrama çevriləcək inan buna,
Hey baxıram camalına üzündən doya bilmirəm.
Gül ətrini səndən alıb, iyləmisən gül, çiçəyi,
Bağçamızda izin qalıb, izindən doya bilmirəm.
İlahəsən, məlakəsən sən də, ilham pərisisən,
Öldürəcək nazın məni, nazından doya bilmirəm.
Əli Vəkil sədaqətli, əhdə sadiq eşq əhlidir,
Ürəyimdə tək özünsən, özündən doya bilmirəm.
6 aprel 2003