Bir doyunca gəzəmmədim,
Güllərindən üzəmmədim,
Yad başını əzəmmədim,
O diyarda gözüm qaldı.
Mahalımın özü cənnət,
Dərələri, düzü cənnət,
Yayı cənnət, yazı cənnət,
İlk baharda gözüm qaldı.
Məclisləri, toy düyünü,
«Vağzalı»nın səsi, ünü,
Necə unudum o günü?
Mağarlarda gözüm qaldı.
Müdriklərin sözü orda,
Xətainin izi orda,
Ələsgərin sazı orda,
O dağlarda gözüm qaldı.
Harda qaldı Növrəs İman?
Dönməyinə yoxdur güman,
Həsrət məni üzür yaman,
Bulaqlarda gözüm qaldı.
Qızılvəngdə Aşıq Alı,
Niyə tərk etdik mahalı,
Dərd əhliyəm, dərddən halı,
Yaylaqlarda gözüm qaldı.
Bilməyirəm necə dözüm,
Yrəyimdə qalıb sözüm,
Olacaqdır yenə bizim,
Odda, qorda gözüm qaldı.
Yollanaydım kənddən kəndə,
Daha dözüm yoxdur məndə,
Çarpışma var vallah öndə,
Sazda, tarda gözüm qaldı.
Yox torpağı orda əkən,
Hər an alın təri tökən,
Tərpən, Əli, vaxt var ikən,
Demə harda gözüm qaldı.
15 iyul 1999