Gözələ bax

Ay qız, gəl tanıma qəlbi daş məni,
Vallah üzəcəkdir bu təlaş məni.
Şair doğmayaydı anam kaş, məni,
Aman Allah, gözələ bax, gözələ!

Naz edib qəlbimi incitmə, gülüm,
Məhəbbət bağını tərk etmə, gülüm,
Ürəkdən sevməyi tərgitmə, gülüm,
Aman Allah, gözələ bax, gözələ!

Əli Vəkil odlanmasın neyləsin,
Öz dərdini indi kimə söyləsin?
Gedən getdi, axı, necə əyləsin?
Aman Allah, gözələ bax, gözələ!

18 oktyabr 2001