Gözəl qız

Doğulandan nəğmələrin vurğunu,
Mahnı yazın, vəsf eləyin siz onu.
Mələklər biçibdir geydiyi donu,
Nəğmə dolu pak ürəkdir gözəl qız.

Könül verib sevmək istər ürəkdən,
Gültək açıb, seçmək olmur çiçəkdən,
Ayrı düşməz saf ürəkdən, dilkdən,
Ətirlidir, tər-çiçəkdir gözəl qız.

Qəlbi sınıb məhəbbətə inanmır,
Etibara, sədaqətə inanmır,
Gileylənmir, cəmiyyətə inanmır,
Ülvilikdə bəlkə təkdir gözəl qız.

Arzuları qalaq-qalaq, çin-çindi,
Güldü üzü, hərdən yaman sevindi,
Üzündəki qəm-kədər nə üçündü?
Görən kimi sevəcəkdir gözəl qız?

Mehribandır ona bənzər biri yox,
Baxan deyir, yəqin dərdi-səri yox,
Yer üzündə belə mələk, huri yox,
Bir gün gəlin köçəcəkdir gözəl qız.

10 mart 2001