Evimi tərk etsən də,
Göz önümdən getmirsən.
Bunu unutma sən də,
Göz önümdən getmirsən.
İlham aşıb-daşanda,
Öz həddini aşanda,
Sənə nəğmə qoşanda,
Göz önümdən getmirsən.
Söz çıxanda dilimdən,
Söz axanda dilimdən,
Sən tutursan əlimdən,
Göz önümdən getmirsən.
Dərdə-qəmə ortaqsan,
Sən ömrüm ortaqsan,
Hər günümə ortaqsan,
Göz önümdən getmirsən.
Məndən uzaqda yaşa,
Gülüm, doluruq yaşa,
Hey veririk baş-başa,
Göz önümdən getmirsən.
Yadlar olmaz həmdəmim,
Çiçəkli yaz həmdəmim,
Ay mənim öz həmdəmim,
Göz önümdən getmirsən.
Əli Vəkil neyləsin,
Dolandı il, neyləsin,
Susan deyil, neyləsin?
Göz önümdən getmirsən.
32 avqust 2000