Gözlə məni

 

Bilirsən mən indi uzaqlardayam,
Səndən ayrı qəfəsdəyəm, dardayam,
Bu gün burdayamsa, sabah ordayam,
Yollara bir nəzər sal, gözlə məni.

Unutma heç zaman, unutma bunu,
Atəşli qəlbimin pak olduğunu,
Tezliklə çatacaq həsrətin sonu,
Sən eşqin qədrini bil, gözlə məni.

Ürəyi anlamaq, oxumaq olmur,
Əbədi məhəbbət saralıb-solmur,
Atalar deyib ki, tökülən dolmur,
Demirəm saralıb-sol, gözlə məni.

Sənsiz ömür sürmək çətindən çətin,
Həqiqət olacaq arzun, niyyətin,
Gülüm, ürəyimi üzür həsrətin,
Əhdinə sən sadiq qal, gözlə məni.

Yadından çıxarma bir həqiqəti,
Bu, alın yazısı, tale qisməti,
Deyirəm inamla, deyirəm qəti,
Olmasın göz yaşın sel, gözlə məni.

Yanımda hbrmətin, yerin var sənin,
Namus sənin, ismət sənin, ar sənin,
Qəlbimdə yurd salan arzular sənin,
Qaşqabaq nə lazım, gül, gözlə məni.

Ömrün boyu gəl unutma Əlini,
Vəfalı ol, ondan üzmə əlini,
Könüldən sevəcək o öz gülünü,
Məhəbbət sazını çal, gözlə məni.

21 dekabr 2000