Qəfildən qarşıma çıxdın, gözəlim,
Sevincdən, fərəhdən ürəyim güldü.
Qəlbimdə şimşək tək çaxdın, gözəlim,
Göylərdən nur yağdı şəfəq töküldü.
Eşqini gəzdirib ürəyimdə mən,
Deyirdim, nə ola üz-üzə gələk?
Yaşadıb arzumda, diləyimdə mən,
Səni hey anıram yol gözləyərək.
Haçansa, hardasa görüşməyliydik,
Xəyal uçmalıydı ötən günlərə.
Sevgimiz naminə biz ki, dəliydik,
Nə yaxşı qayıtdıq o şən günlərə.
Bilirdim sən məni unutmamısan,
Kövrək xatirələr yaşar qəlbində.
Atəşli bir qəlbə möhtacsan inan,
Məhəbbət çağlayar, daşar qəlbində.
Eşqinlə yazmışam neçə nəğməni,
Onlar yaranmazdı sən olmasaydın.
Dünyaya əbədi bağladın məni,
Sevgin də, qəlbin də üzüntək aydın.
İnsana ruh verir sevgi hissləri,
Hər kəs öz yarını yaşatmalıdır.
Baxmayıb sevgiyə insan ötəri,
Odlu ürəyini boşaltmalıdır.
Bu gün bənzəməyir adi günlərə,
Sən çıxdın qarşıma, gülüm nə yaxşı.
Bir də nəzər saldım mən ötənlərə,
Gülüb salamladım hər addımbaşı.
Daim yaşamısan sevən qəlbimdə,
Sən necə? Əlini anmısanmı heç?
Nəğmə dinlədinmi de sən qəlbimdə?
Qəmlənib halıma yanmısanmı heç?
Deyirəm, nə yaxşı vaxtında gəldin,
Bir anda ən uca dağlar aşdım mən.
Eşqin zirvəsinə qalxdın, yüksəldin,
Görüşdük, yamanca cavanlaşdım mən.
14 noyabr 1999