Bu yurdu doyunca gəzmək istəsən,
Yamac səni gözlər, yol səni gözlər.
Düzlərdə, dağlarda bkzmək istəsən,
Çiçək səni gözlər, gül səni gözlər.
Səyyah olub çıx seyrinə bu yurdun,
Hər obası tanış sənə bu yurdun,
Dağına qalx, dönə-dönə bu yurdun,
Cığır səni gözlər, yol səni gözlər.
Göy Xəzərdə dalğaları dinlə sən,
Doyarsanmı nəğməsini dinləsən,
Qolboyun ol harayla sən, ünlə sən,
Çaylar səni gözlər, göl səni gözlər.
Bu torpağın hər qarışı Vətəndir,
Səhraları, dağı, daşı Vətəndir,
Sıldırımı, yalı, qaşı Vətəndir,
Laləli, nərgizli çöl səni gözlər.
Səhənd dağı, Savalanı o tayda,
Millətimin yarı canı o tayda,
Bağ-bağçası, gülüstanı o tayda,
Həsrətə son qoyan ilə səni gözlər.
Nələr düşünürəm, Tanrım, mən nələr?
Zəfər çalaq, qanadlansın nəğmələr,
Gözlədiyim o tarixi gün gələr,
Sazımda, tarımda tel səni gözlər.
Qarabağda səs yayılsın hər dağa,
Zəfər bizə yar olacaq, ay qağa,
Şad xəbəri bütün elə yaymağa,
Muğan səni gözlər, Mil səni gözlər.
Qələbə bayrağı qoy dalğalansın,
Millətin mərd oğlu öndə dayansın,
Sevinc, fərəh hissi gözlərdə yansın,
Bayraqdan yapışan əl səni gözlər.
Xəyal olub Ağdamın ağ günləri,
Üzü gülər, damağı çağ günləri,
Deyin haçan qayıdacaq günləri?
Gəl, ay Vətən oğlu, gəl, səni gözlər.
Şuşasız, Laçınsız, Kəlbəcərsizəm,
Bəlkə qeyrətsizəm, bəlkə fərsizəm?
Mən niyə ah çəkəm, canımdan bezəm?
Dillən Milli Ordu, el səni gözlər.
Çox da qürrələnmə, qaniçən yağı,
Qoymarıq heç zaman sənə torpağı,
Azad edəcəyik yenə torpağı,
Qəzəbli bir ordu – sel səni gözlər.
Tükəndirdin bu millətin səbrini,
Qazmaq üçün ölənlərin qəbrini,
Harayına gələnlərin qəbrini,
Külüng səni gözlər, bil səni gözlər.
Ürmiyyəm də, Dərbəndim də sevinsin,
Hər obam da, hər kəndim də sevinsin,
Əli Vəkil, öz şeirinlə sən də din,
Nəğmələr oxuyan dil səni gözlər.
10 avqust 2002
Rusiya, İvanovo şəhəri