Gözləyir

Yad ölkədə çox yubandın,
Gör nələr səni gözləyir?
Yəqin yenə məni andın?
Nəğmələr səni gözləyir.

Həsrətindən qələm aldım,
Xəyallara, fikrə daldım,
Meylimi ha şeirə saldım,
Nəğmələr səni gözləyir.

«Bar gəl çıx, ay gözəlim,
Yoxdur sənə tay, gözəlim,
Günlər oldu ay, gözəlim»,
Nəğmələr səni gözləyir.

Bilirəm ki, gəlməlisən,
Danışmalı, gülməlisən,
Hər sirrimi bilməlisən,
Nəğmələr səni gözləyir.

Canlıların öz tarixi,
Sözün də ki, söz tarixi,
Seyr eləyir göz tarixi,
Nəğmələr səni gözləyir.

İnsan qəlbi dinən simdir,
Sevgi sirdir, bir tilsimdir,
Onu dinlə, onu dindir,
Nəğmələr səni gözləyir.

Əli Vəkil hey çağırdı,
Tənha qalmaq çox ağırdı,
Göylərdən hikmət yağırdı,
Nəğmələr səni gözləyir.

23 sentyabr 2000