Güllər sənin olsun, yaz mənim olsun

Güllər sənin olsun, yaz mənim olsun,
Kaman sənin olsun, saz mənim olsun,
Ürəyimdə deyiləsi sözüm çox,
Cüt əlli qoy sənin, yüz mənim olsun.

Asimanın ulduzu var, Ayı var,
Kim deyir ki, ulduzların sayı var?
Nə sirlidir, sehirlidir kainat,
İlin soyuq qışı, isti yayı var.

Necə bilək kainatın sirri nə?
Cəmiyyətin, bu həyatın sirri nə?
Gün uzanır, gün qısalır il boyu,
Heyranıq dünyanın möcüzəsinə.

Gül-çiçək ətrinə qərq olub çəmən,
Seyr eləyib heyran qaldım yenə mən,
Onlara ad verib ulu babalar,
İylədim üzmədən fikrə daldım mən.

Lalə, nərgiz, süsən, qaymaq çiçəyi,
Mümkündü bu yerdə saymaq çiçəyi?
Bitibdir dağların yamaclarında,
Bəsləyib gen dərə, oymaq çiçəyi.

Bu çeşmənin zümzüməsi möcüzə,
Gur çayların, quşun səsi möcüzə,
Təbiət də nəğməkardı əzəldən,
Doğma yurdun hər guşəsi möcüzə.

Tanrım görən çayda sular nə deyir,
Bəlkə bizə sözləri var? Nə deyir?
Axıb gedir, son mənzili dənizdi,
Nəğməkardı, on nəğməkar nə deyir?

Çiçək var ki, al-qırmızı, ətri xoş,
Dəstə tutub ilyə onu, ol sərxoş,
Gəzib dolan yaylaqları doyunca,
Qələm alıb bu çöllərə nəğmə qooş.

Dəhşət olur göylər guruldayanda,
İnsan ona neylər guruldayanda?
Göy qurşağı niyə yeddi rəngdədi?
Yəqin sirlər göylər guruldayanda.

Buludların göz yaşıdır bu leysan,
Göydən gələn dupdurudu su, leysan,
Təbiətin qarısında acizəm,
Deyəmmirəm kirli qəlbi yu, leysan.

Dolu da, yağış da, qar da göylərdə,
Şimşəklər də, buludlar da göylərdə,
Səma dərin, asimanın sonu yox,
Əngin səmadadı Günəş də, Yer də.

Dolaşdım meşədə, gəzdim meşədə,
Ətirli gül-çiçək üzdüm meşədə,
Səs-səsə verəndə baharda quşlar,
Deməzsən yoruldum, bezdim meşədə.

Hər ağacın öz adı, öz ünvanı,
Kölgəsində qonaq edir insanı,
Bu torpağın bəzəyidir meşələr,
Dolaşıb gəzənin qaynayır qanı.

İlahi, düşəydi meşədən yolum,
Olmayaydı nə duman, nə çən yolum,
Yarpaq xışıltısı, meşə nəğməsi,
Susaraq dinləyən kaş ki, mən olum.

Kim istər saralsın, solsun yarpaqlar,
Solanda döşəyim olsun yarpaqlar,
Meşənin bir gecə qonağı olum,
Onda da laylamı çalsın yarpaqlar.

2 avqust 2002
Rusiya, İvanovo şəhəri