Gülləri solmaz

Ürəyidir doğma Azərbaycanın,
Dədə-baba ocağımdır Qarabağ.
Müqəddəsdir ana kimi hey anın,
Gərək onu canımıztək qoruyaq.

El nəfəsi torpağında, daşında,
Bəd niyyətdən, yad nəzərdən qoruyaq.
Bəsləyirəm ürəyimin başında,
Yad baxışdan, bəd nəzərdən qoruyaq.

Əcdadımdan yadigardı o bizə,
Yadigarı heç kimsəyə qıymazlar.
Namus, qeyrət, dövlət, vardı o bizə,
Orda Qorqud babamızın izi var.

Zirvəsi dumanlı Murov tamaşa,
Dünyaya göz açıb Üzeyir burda,
Qarabağ üzüksə qaşıdır Şuşa,
Şöhrət doğulubdur Bülbül bu yurda.

Doyunca seyr elə Cıdır düzünü,
Nəğmələr söyləyə Natəvanımdı.
Vaqif Vidadiyə tutub üzünü,
Söylədi: «Qarabağ, ruhum, canımdı!»

Hər qarış möcüzə, cənnətdir, cənnət,
Dolan yaylaqları göz başdan-başa.
Torpağa məhəbbət, elə məhəbbət
Burda ilham verir dosta, sirdaşa.

Qədim Topxananı seyr elə bir də,
Yenə xarı bülbül xoş ətir yayıb.
Dayan bulaq üstə, gəz meşələri,
Yadların önündə elim susmayıb.

Seyr etdim Vaqifin məqbərəsini,
Sözləri əks oldu qulaqlarımda.
Qoruyubdur neçə əsrin səsini,
Nəğmələr gül açdı dodaqlarımda.

Nəfəs al nəğməylə, dinlə doyunca,
Yenə xoş avazla oxuyan Xandır.
Burda nəğməkardır hər cavan, qoca,
Maəclislər bəzəy tardır, kamandır.

Kədərlə çağlayır İsa bulağı,
Qəzəblə kükrəyir sel qarabağda.
Yoxa çıxıb qapısının qonağı,
Sığınıb qeyrətə el Qarabağda.

Uzanıb yadların ora əlləri,
Müqəddəs torpaqdan pay olmaz-olmaz.
Xalq özü kəsəcək qara əlləri,
Cənnət Qarabağın gülləri solmaz!

26 noyabr 1988