Gülüm

Sənlə sağollaşıb ayrılan gündən,
Sığınıb dünyama tək qalan gündən,
Həsrətin qəlbimdə köz olan gündən,
Ətrini havadan alıram, gülüm!

Dözməkdən savayı nədir əlacım,
Eşqinlə bağlıdır hər ağrı acım,
Ol könül soltanım, ol şöhrət tacım,
Tənhayam, xəyala dalıram, gülüm!

Gecələr fikirlər yorur qəlbimi,
Bükürəm boynumu bir uşaq kimi,
Bu qədər həsrəti, bu qədər qəmi,
Könül rübabımda çalıram, gülüm!

Yaman insafsızdı həsrət, intizar,
Tükənən deyildir möhnət, intizar,
De, niyə verməyir möhnət, intizar?
Beləcə saralıb, soluram, gülüm!

Bəlkə heç yadına düşməyirəm mən?
Oda yandığımı hardan biləsən?
Niskili ürəkdən necə siləsən?
Əksinlə baş-başa qalıram, gülüm!

Bircə an getməyir əksin gözümdən,
Oxu ürəyimi, anla sözümdən,
Yazammıram sənə layiq sözü mən,
Meylimi nəğməyə salıram, gülüm!

Əli Vəkil dərdə sinə gərəndir,
Gözəlliyə, sözə qiymət verəndir,
Nəğmələrlə, yarla ömür sürəndir,
Zənn etmə mən sənsiz qalıram, gülüm!

14 may 2000-ci il