Gülüm

Sənin gül üzünü görəndə, gülüm,
Yamanca duruldu əhvalım, gülüm.
İpək saçlarını hörəndə, gülüm,
Nə qədər xoş oldu, xoş halım, gülüm.

Bir de, camalından doymaqmı olar?
Söylə, ləbin kimi qaymaqmı olar?
Ətirli telini saymaqmı olar?
Borcumdur qeydinə mən qalam, gülüm.

Danış söhbətini dinləyim bir də,
Dərmandı gülüşün sağalmaz dərdə,
Sənintək gözəl yox, axı heç yerdə,
Azaldı kədərim, məlalım, gülüm.

Tanrı töhfəsidir hər mələk, gözəl,
Sənmi ətirlisən, ya çiçək, gözəl?
Barı bu tərslikdən gəl əl çək, gözəl,
Yanında xəyala mən dalım, gülüm.

Əli Vəkil, nəğmə yazmaq şərəfdi,
Gələn gedir, söz qalacaq, şərəfdi,
Dəyərli söz yaz, qalacaq, şərəfdi,
Demirəm zalımsan, sən zalım, gülüm.

10 fevral 2002