Günəş

Hardasa işıq yanır,
Hardasa bir insanın gözləri yollardadır.
Xəyalı dumanlanır.
Hardasa intizarlı, həsrətli qəlb döyünür.
Hardasa qüssəli gözləri dumanlı dağlara
Tikilən məğrur insan.
Şirin duyğularla fərəhlənir, öyünür!
Onun odlu qəlbində
Hərarətli xoş arzu, işıqlı, şən duyğu var.
İnsanlara bəslənən məhəbbətdən yaranır.
Bu arzular, duyğular!
Fəqət nədənsə birdən,
Gözlənilməz bir qüvvə,
Gözəgörünməz bir əl
Tutub boğur insanı, məhv eləyir işığı.
Vuruşur insan oğlu,
Dünyanın yaraşığı!
Qalib çıxır döyüşdən,
Hünərilə kəşf edir al günəşə uzanan
İşıqlı, nurlu yolu!
Dözümlüdür axı insan!
O, döyüşçü, o qəhrəman!
Duyur sabahı insan,
Basılmaz axı insman!
Hünər, zəfər, mətanət
Əzəldən xasdır ona.
Eşqi ilə bəzəkdir o əzəldən cahana.
Qəhrəmanlıq, əzəmət
Onun xislətindədir.
Qəlbi günəştək odlu,
Bütün çətinlikləri
Qətiyyətlə dəf edir.
Tufan, zülmət dünyada
Sərt, amansız olsa da,
Bəzən güllər, çiçəklər
Saralsa da, solsa da
Cahanda bir günəş var!
Onun sönməz nurundan
Yoxa çıxar şaxta, qar!
Bir də hər bir insanın
Qəlbinə şölə saçan
Məhəbbət günəşi var!
Sədaqət günəşi var!
Cəsarət günəşi var!
Bəşərin hər yerində
Günəş ilə işi var!
Kainatın Sultanı!
Söylə, sənə tay hanı?!
Sənsən öz məhvərində
Saxlayan bu dünyanı.
İnsanlara, otlara,
Bülbüllərə, güllərə
Həyat verən də sənsən.
Dara düşən kəslərə
Yol göstərən də sənsən!
Çiçəklərin xoş ətri,
Ağacların sıx çətri,
Çayların zümzüməsi,
Şəlalənin xoş səsi,
Quşların şən nəğməsi
Sənsən yalnız, sən günəş!
Qəmli günəş, şən günəş!
Nə qədər ki canlı var
Hamısına can verən,
Sən olmusan, sən günəş!
Parlayırsan səmada
Yoxa çıxır çən günəş!
İnsan ömrü qısadır,
Sənin ömrün əbədi.
Köçüb gedir insanlar,
Beşiyi olur məzar!
İnamı da nur yayır.
Ölümlə bacarmayır!
Həyat qədər ulusan,
Həyat qədər ixtiyar!
Kainata anasan!
Gərək həyat naminə
Sən yandıqca yanasan!
Doğulan, ölən bizik!
Sən yanırsan, ölməzsən.
Xalqa həyat verirsən.
Ölüm nədir? Bilməzsən!
Parla günəş, yan günəş!
Alqışlasın qoy səni
Bütün bu cahan, günəş!
Hər gün axşam olanda
Günəş batdı; – deyirlər!
Anasının qoynunda
Gedib yatdı, – deyirlər!
Hamıya həyat verən,
Yanan varlıq batarmı?
Günəş elə günəşdir,
Dincələrmi, yatarmı?