«Yadımdan çıxmırsan» – belə dedin sən,
Uzatdı ömrümü bir kəlmə sözün.
Könlüm ilham aldı gülüşlərindən,
Günəşdir camalın, günəşdir üzün.
Yadından çıxmıram, qəlbində varam,
Sözlərin qəlbimdə günəşə dönür.
Demək ürəyində mən yaşayıram,
Sevincdən, fərəhdən qəlbim döyünür.
Hisslərin əlində əsirəm bu gün,
Bilmirəm hek imi qınayım, gülüm?
Yaman darıxmışam gözlərin üçün,
Sənə çatacaqmı harayım, gülüm?..
Nə yaxşı bu gecə yuxuma girdin,
Həsrətə, hicrana dözərmiş insan.
Elə bil dünyanı sən mənə verdin,
Xəyalən səyyahtək gəzərmiş insan.
Nə yaxşı yuxuda görüşə bildik,
Sevən ürəyimə bu təsəllidir.
Onda ki, and içdik, sevdik, sevildik,
Amalım, istəyim sənə bəllidir.
Oyağam sirdaşım qələmlə kağız,
Ürəyim kövrəlib, ürəyim dolub.
İndi oyaqsanmı görəsən, ay qız,
Yazıram, göz yaşım mürəkkəb olub.
30 yanvar 1985