Günahım

Sıxmışam seyrinə yenə dağların,
Həzin nəğməsini oxuyur bulaq.
Çoxdan əsiriyəm bu yaylaqların,
Uşaqlıq oylağım bu yer, bu oymaq.

Uddum havasını yenə dağların,
Dərə salam deyir, yal salam deyir.
Eşqiylə yaşadım mən bu çağların,
Cığır salam deyir, yol salam deyir.

Xəyala dalmışam bulaq başında,
Quzuçu Əliylə söhbət edirəm.
Mən qırxı keçmişəm, o, on yaşında,
Nədir ürəyimdə bu həsrət, bu qəm?

Quzu otaranda bu yerlərdə mən,
Səsim qayalara əks olub qalıb.
Azmışam bu dərin dərələrdə mən,
Qəlbimdən hıçqırıq, nalə ucalıb.

Öküz aparardım kotana qoşaq,
Dağlarda çiskinə, qara düşmüşəm.
Dünyaya çox adi baxarmış uşaq,
Deməzmiş çətinə, dara düşmüşəm.

Sükutdur sirdaşım bulaq başında,
Niyə daş atmışam gözünə dünən?
Lilparı qoparıb, qoparıb onda,
Bulaqdan doyunca su içmişəm mən.

Çiçək qoparmışam, lilpar qırmışam,
Kəkliyə, turaca daş da atmışam.
Vaxt olub baxmayıb, nə var qırmışam,
Uzanıb otların üstə yatmışam.

Gəlmişəm dağlara, gəlmişəm bu gün,
Alam mən boynuma günahlarımı.
Bunları qəbahət bilmişəm bu gün,
Görən etirafın mənası varmı?

Məni məst eləyib bu çöl, bu çəmən,
Yaır xoş ətrini qaymaq çiçəyi.
Gözümü qorxutmur nə duman, nə çən,
Sərib sinəsinə oymaq çiçəyi.

Səksənib uçanda quş yuvasından,
Xalı yumurtaya əl də vurmuşam.
Heyif ki, səhvini gec duyur insan,
Mənim də yuvam var, mən də bir quşam.

Baldırğan yığmışam mən bu dərədən,
Yaman ləzzətlidir quzuqulağı.
Hərdən köç edəndə çən bu dərədən
Tapa bilməmişəm soyuq bulağı.

Qantəpər çiçəyi dərdlərə dərman,
Qəlbində gəzdirər insan dağı da.
Ana təbiətdir ən mahir loğman,
Bal dadar burada içsən ağı da!

Gəlmişəm əvvəllər duymadığımı,
Dərindən dərk edəm, duyam bu yerdə.
Gəzib yaylağımı, gəzib dağımı,
Gül-çiçək ətrindən doyam bu yerdə!

1983