Əhvalın dəyişib, xəstələnmisən,
Hiss etdim, pisləşdi tez halım mənim.
Nə üçün özünü qorumadın sən?
Ay qəlbi kövrəyim, laləm, süsənim.
Nə olub, bəlkə də sancır ürəyin?
Zərifsən, incəsən güldən, çiçəkdən.
Gərək belə anda olum gərəyin,
Bütün ağrıları qovum ürəkdən.
Nədənsə özümə gələ bilmirəm,
Necə cilovlayım xəyallarımı?
Danışa bilmirəm, gülə bilmirəm,
Tezcə sağaldaydı barı yarımı.
Hardan yaxaladı xəstəlik səni?
O da xoşxasiyyət tanıyıb yəqin.
Gözümdən qoymaram hələlik səni,
Susma, ay gözəlim, barı danış, din.
Gərək özüm tapam dava-dərmanı,
Loğmanın, həkimin mən özüm olum.
Qıymaram ağrılar incitsin canı,
İstərdim anadan təbib doğulum.
Təsirli dərmanın xoş sözüm olsun,
Qoy səni ən gözəl nəğməm sağaltsın.
Təki xəstədə də bir dözüm olsun,
Qəlbində xoş arzu, inam boy atsın.
Sən nasaz olanda gülmür ürəyim,
Bütün ağrıların kaş mənə gəlsin.
Qoy Tanrıdan hasil olsun diləyim,
Mələyim yenə də şadlansın, gülsün!
10 iyun 1999