Hələ davam edir İyirmi Yanvar,
Susanlar çox olub o vaxtdan bəri.
Hər gün şəhid olan, həlak olan var,
Allah, itirmişik bir gör kimləri?
Sərhəd kəndlərimdə qanlar tökülür,
Günahsız insanlar güllələnirlər.
Yenə sinəmizə dağlar çəkilir,
Namərdlər yamanca qürrələnirlər.
Bu gün yüz minlərlə qaçqın dərdinə
Tablaşmaq çətindir, dözmək çətindir.
Onların arzusu, ağır dərdi nə?
Vətəndə vətənsiz gəzmək çətindir.
Didərgin görəndə soydaşlarını
Qəlbi paralandı Fərmanımın da.
Analar axıtdı göz yaşlarını,
Bir ömür şam kimi söndü bir anda.
Mübariz yazıçı, mübariz insan
Hamının dərdinə olardı ortaq.
Qaçqınlar önündə danışan zaman
Keçindi dilində Təbriz, Qarabağ.
Torpaq vurğunuydu Xudumuz bizim,
Elin kədərinə dözə bilmədi.
«Bakısız darıxır, – dedi Təbrizim»,
Gedib o şəhəri gəzə bilmədi.
Dərdə tablaşmadı Hafiz Baxış da,
Qəfildən dayandı şair ürəyi.
Qəm-kədər oxudu hər bir baxışda,
Döndü əfsanəyə eşqi, diləyi.
«Ürəkdə yaşadaq şəhidləri biz»,
Dedi sözlərini Ağdamda Zeynal.
Saymaqla qurtarmır şəhidlərimiz,
Yumdu gözlərini Ağdamda Zeynal.
Xudusuz yaşamaq çətindi ona,
Dərdi sonsuz idi mərd el oğlunun.
Könüldən vurğundu Azərbaycana,
Qarabağ döyünən qəlbiydi onun.
Döndü Səməndərə Hamletimiz də,
Söndü səhnəmizin parlaq ulduzu.
Tükənib ilham da, tükənib söz də,
Vuruldu elimin Salatın qızı.
Şəhidlər dərdinə dözə bilməyən,
İşıqlı dünyadan köçən çox olub.
Necə vəsf eləyim bu hissləri mən?
Üç ildir qəlblərdən sevinc yox olub.
Əvəzsiz qalmayır heç bir cinayət,
Həmişə xar olub qaniçən yağı.
Hər kəs cəzasını alacaq əlbət,
Müqəddəs sayırıq biz bu torpağı!
Yanvar 1991