Hər kəsin yanında özünü öymə

Hər kəsin yanında özünü öymə,
Mənəm-mənəm deyib, döşünə döymə,
Səni tərif etsin qoy özgələri,
Xəhd elə kimsənin xətrinə dəymə.

Gəl qaş düzəltdiyin yerdə göz tökmə,
Eli sevmirsənsə, el qəhri çəkmə,
Çalış xidmətinlə artsın hörmətin,
Nə olar bədxahlıq toxumu əkmə.

Nədən qonşu qızı öpülmüş olur,
Eləsə qaraqız qarıyar, qalar,
Atalar sözünü unutmaz gənclər,
Baxıb anasının qızını alar.

Deyiblər «anası gəzən ağacı
Qızın budaq-budaq gəzməsi acı».
Halal süd əmibsə əgər el qızı,
Olar bir oğlanın başının tacı.

İki başı vardır axı qarğışın,
Unutma Tanrını, sən bundan daşın.
Qarğışın keçirsə dilə Allahdan,
Sevincə qərq olsun qoy ömrün, yaşın.

Çalış olmayasan aranda tutdan,
Həm də əlin çıxar dağda qurutdan,
Çapmalısan yəhərlənmiş kəhəri,
Bədxahlar salmasın qoy səni atdan.

Cidanı çuvalda gizlətmək olmaz,
Yalan söyləməklə çuval ki dolmaz,
Payız gəlib xəzan yeli əsməsə,
Yarpaqlar saralmaz, çiçəklər solmaz.

Su bir də gələcək su gələn arxa,
Həqiqəti sən ha gizlət, sən ha dan,
Ot kökü üstündə bitər kim bilmir,
Namərddir həyatda əslini danan.

Bostan kənarından yol düşmür hər an,
Yadından çıxarma bunu heç zaman,
Hər işi vaxtında görərsə əgər,
Yox döyməz dizinə sonradan insan.

Qarğa məndə qoz var, demək nə lazım,
Varlıya, harına kömək nə lazım,
Qazan sərvətini alın təriylə,
Minnətli çörəyi yemək nə lazım?

Zər qədrini zərgər bilər, bu haqdı,
Karlar iki dəfə gülər, bu haqdı,
İlin fəsilləri verib əl-ələ,
Bahar öz vaxtında gələr, bu haqdı.

Yolçu yolda gərək, deyib atalar,
Dərdə sinə gərək, deyib atalar,
Qismətinə haram qatma dünyada,
İtməz halal çörək, deyib atalar.

Keçinin əcəli gələndə qəfil,
Sürtünər çobanın çomağına bil,
Göz də gördüyündən qorxar həmişə,
Düşmən qarşısında nə sın, nə əyil.

Hər şeyin təzəsi, dostun köhnəsi,
Xoşdur eşidilə hərdən dost səsi,
Hər üzə gülənə sadiq dost demə,
Yaxşı sına, doğma sayma hər kəsi.

«Gecənin xeyrindən gündüzün şəri
Yaxşıdır» – deyiblər, baxma ötəri.
Dünya yaranandan bəşər övladı
Zülməti yox, sevib al şəfəqləri.

6 avqust 2002
Rusiya, İvanovo şəhəri