Hər oxuyan Molla Pənah olmaz, bil,
Amma çox oxumaq günah olmaz, bil.
Kim tanımır Molla Pənah Vaqifi?
Sənət bağı saralmaz, bil, solmaz, bil.
Qoy ləkə gəlməsin naxır adına,
Bu adı batırdı qotur bir dana.
Naxırın şərəfi öz şərəfiydi,
Söz tapmaq çətindi deyəsən ona.
Ot kökü üstündə bitər əzəldən,
Gərək qoruyasan həm də kökü sən.
Yer üzündə hörmət elə soyuna,
Öz əslini yaxşı qoru təki sən.
Qoynu olmayanın bıçağı iti,
Heç kəs unutmasın bu həqiqəti.
Kəsməyə qoynu yox, arxayındı o,
Özgə qoynu olsa çəkinməz qəti.
Molla da bir məxluq, molla da bəndə,
Unutdu Quranı aşı görəndə.
Bu da bir zarafat, yaradıb ellər,
Gözü tox olanlar düşməyir bəndə.
Ağır otur, batman gələsən kldə,
Onda sənin adın dolaşar dildə.
Ağır otur, ağır dur ki, həmişə
Hörmət sahibi ol, sev də, sevil də.
Kim eşidib doğru xəbər dəlidən?
Ağıllı söz gözləmə hər dəlidən.
Belə olur vallah bəzən həyatda,
Eşidirsən dürlü sözlər dəlidən.
Gözdən düşüb, kirpikdən də asılıb,
Dostları itirib, indi tək qalıb.
Bu dünyada gözdən düşmək çətindi,
Tənha qalan görərsən ki, qocalıb.
Yer üzündə qanı qanla yuyarlar,
Qanlı düşmən, qanlı-bıçaq sözü var.
Nə qan düşsün, qoy nə də düşmənçilik,
Yumasınlar qanı qanla adamlar.
Palaza bürünüb ellə sürün sən,
Şərəf olar hətta ellə sürünsən.
Elə arxalanan, elə güvənən
Peşiman olmayır heç vaxt bil ki sən.
29 sentyabr 2002