Hər qadının ən sonuncu hiyləsi

Hər qadının ən sonuncu hiyləsi
Bərkdən ağlaması, ahı, naləsi.
Çatır harayına onun göz yaşı,
Bir də ürəyinin hıçqırtı səsi.

Nə yaşı, nə yaxşı mən yenə gəldim,
Xoşbəxtəm, bir daha Vətənə gəldim.
Qürbətdə elə bil qəfəsdə quşsan,
Yurdu isti yuvam, ocağım bildim.

Bilirsizmi, qərib dərdin tək ağlar,
Dərd qəlbində ümman olar, ha çağlar.
Çatmayanda əli doğma Vətənə,
Qəm-qüssəylə dizlərini qucaqlar.

Dostu olmayana qərib deyirlər,
Tənhalığa siən gərib deyirlər.
Dostu olmayanın qol-qanadı yox,
Həyatını bada verib deyirlər.

Evi abad edən arvaddır, arvad,
Arvadsız ev, vallah, bərbaddır, bərbad.
Namuslu arvadı olan kişinin
Başı uca olar, ad çıxarar, ad.

Evlərində yoxdur darı, neyləyək?
Özün tutur çox yuxarı, neyləyək?
Səhf düşməsin gərək yeri insanın,
Öz yerini bilsin barı, neyləyək?

Bəxtini sən qozda sına cahanda,
Həm oğulda, qızda sına cahanda.
Bu dünyada hər kəsin öz bəxti var,
Qışda sına, yazda sına cahanda.

Deyiblər ki, bəxtin yatdı, sən də yat,
İnsanlarla, bəxtlə dolu bu həyat.
Bəxtini sınamaq istəsən əgər,
Axtarıb onu tap, yatıbsa oyat.

Bədbəxt ova çıxdı arzusu ümman,
Neyləsin dağları aldı çən, duman.
Onda ona kimsə deməzdi bədbəxt,
Şərəflə çıxardı hər bir sınaqdan.

Acısı çox olur doğru sözlərin,
Amma nəticəsi şirindən şirin.
Dərk eləsən sözlərinin yerini,
Eşidənlər söyləyəcək afərin!

5 sentyabr 2002