Üzünü bir dəfə görməmişəm mən,
Mələksən, sadiq yar həsrətindəyəm.
Sevdiyin gülləri dərməmişəm mən,
Mələksən, sadiq yar həsrətindəyəm.
Səsində məlahət, səsində hikmət,
Qəlbində insana sonsuz məhəbbət,
Sevənin yuxusu çin olar əlbət,
Mələksən, sadiq yar həsrətindəyəm.
Özün de, adını haradan bilim?
Hələ əlçatmazsan, yetişmir əlim,
Tezliklə adına öyrəşər dilim,
Mələksən, sadiq yar həsrətindəyəm.
Şad olaram bir eşitsəm səsini,
Gəl dinlə qəlbimin hər nəğməsini,
Duyarsan sən onun inləməsini,
Mələksən, sadiq yar həsrətindəyəm.
Əli Vəkil olub yazın vurğunu,
Nəğmənin vurğunu, sazın vurğunu,
Sənə ünvanlanan sözün vurğunu,
Mələksən, sadiq yar həsrətindəyəm.
Rusiya, İvanovo şəhəri
14 iyul 2002