Həzrəti Peyğəmbərin təvəllüdü

Başlayıram şeirimi Allahın adıyla mən,
Odur bütün varlığı, odur yoxdan xəlq edən.

İstəyirəm söz açım cahana gəlişindən,
Xoş xəbərdən həmin gün yer də, göy də oldu şən.

Atan Abdullah hər gün yolunu gözləyirdi,
Anan Əminə qəlbən səni əzizləyirdi.

Mələklərin dilində adın gəldi cahana,
Mələklərdən eşitdi bunu Əminə ana:

«Oğlun olacaq sənin, Məhəmməd qoy adını.»
Tanrı ata-ananın göyərtdi muradını.

Qüreyşilər nəslinə din gəldi, iman gəldi,
Bu dinə inam hissi, islama güman gəldi.

Hamı bilir cahanda dörd müqəddəs kitab var,
Musanın Tövratını əzbərləyib insanlar.

Məhəbbətlə oxunur Davudun da Zəburu,
İsanın incilində yaşar qəlbinin nuru.

Yer üzünə gəlirdi sonuncu Peyğəmbərim,
Tanrım göndərəcədi ona Qurani-Kərim.

Bu dördüncü kitab da bəşərə gərək idi,
Müsəlmanın qəlbində döyünən ürək idi.

Gəlirdi Peyğəmbərim – İlahinin Rəsulu,
Yer üzündə göstərsin insanlara düz yolu.

Onun bu gəlişini ellər çox gözləmişdi,
Suya həsrət səhralar, çöllər çox gözləmişdi.

Dalğalanan dənizlər, göllər çox gözləmişdi,
Məhəmməd demək üçün dillər çox gözləmişdi.

Məkkədən Mədinəyə yollar çox gözləmişdi,
Dua edən insanlar, əllər çox gözləmişdi.

Bağçalarda açılan güllər çox gözləmişdi,
Tarixə çevriləcək illər çox gözləmişdi.

Gəlişinlə dünyaya haqq-ədalət gətirdin,
Allahın hər sözünü bəndələrə yetirdin.

Adəmdən büllur əxlaq, Nuhdan cəsarət aldın,
Asəfdən dərin zəka, Latdan bəsarət aldın.

Yaqubun hər bir sirri dərk etmək məharəti,
Yusifin gözəlliyi, Musanın dəyanəti.

Davudun qeyri-adi mərdliyi, səxavəti,
Hər kəsə o dünyada rəva bildin cənnəti.

İnsan yaratdığına baxanda valeh olsun,
Gərək Allah bəndəsi əməli saleh olsun!

Əlsizlərə əl tutmaq müqəddəs iş sayılsın,
Hər kəsin qoçaqlığı qoy hər yana yayılsın.

Var-dövlət sevmədin sən, gözün-könlün tox oldu,
İslamı sevməyənə hər kəlmən bir ox oldu.

Yaradana çatdırdın ürəyindən keçəni,
Hər bəladan, düşməndən Tanrım qorudu səni.

Söylədin hər bəndəyə: «Ayıl, qəflətdən ayıl!»
Uçub gəldi göylərdən hüzuruna Cəbrayıl.

Göydən sanki od yağdı, hər yan alışdı, yandı,
Bir topa bulud gəlib başın üstə dayandı.

Görüb bu möcüzəni iman gətirən oldu,
İslamı qəbul edən, sənə səs verən oldu.

Dedin ki, ey insanlar, səxavətli olun siz,
Aşıb-daşar varınız İlahini sevsəniz.

Göz dikməyin heç zaman siz yetimin malına,
Tanrı ona rəhm edər kim ki, yansa halına.

Söylədin ki, həyatda yalan danışmaq olmaz,
Ədalət savaşında çarpışanlar basılmaz.

Xeyirxah olun ki, siz Allaha da xoş gəlsin,
Şər atmayın kimsəyə Tanrı sizi eşitsin.

Bədxah olsan həyatda axtaracaq kim səni?
Allah qadir Allahdır darda qoymaz kimsəni.

Ya Peyğəmbər, kəlamın daim qəlbimizdədir,
Yolun haqqın yoludur, nurlu sabaha gedir.

Qurtarıram şeirimi Allahın adıyla mən,
Odur bu kainatda, odur bizi xəlq edən.

Fevral 1994