Dövlətə, sərvətə, vara satmazlar,
Ürəkdə yaşadar, amma, atmazdar,
Ülvidir, alidir, haram qatmazlar –
Hamıya gərəkdir halal məhəbbət.
Sevib-sevilibdir bəşər övladı,
Ülfət doğma edir dünənki yadı,
Bütün insanların qolu, qanadı –
Hamıya gərəkdir halal məhəbbət.
Könüldən sevənlər xoşbəxt, bəxtiyar,
Hər aşiqin öz taleyi, bəxti var,
Sevgini duymayan xar olacaq, xar –
Hamıya gərəkdir halal məhəbbət.
Məcnunu, Leylini yaradan odur,
Əsliyə, Kərəmə – yara dan, odur,
Damarda dövr edən, axan qan odur –
Hamıya gərəkdir halal məhəbbət.
Heç kimsə etməsin xəyanət ona,
Həmişə bəslənib xoş niyyət ona,
Daim sadiq qalıb hər millət ona –
Hamıya gərəkdir halal məhəbbət.
Hər insan bvladı onun məhsulu,
Adəm babamızdan başlayıb yolu,
Qədimdən qədimdi, uludun ulu –
Hamıya gərəkdir halal məhəbbət.
Əli Vəkil düz ilqarın vurğunu,
Vəfanın, ismətin, arın vurğunu,
Təmiz eşqin, sadiq yarın vurğunu –
Hamıya gərəkdir halal məhəbbət.
13 iyul 2002
Rusiya, İvanovo şəhəri