Haqqın yox

(vəzifəli dəllallara)

Ötüb keçdin yıxılanın yanından,
Hey yağır başından ucuz şöhrət-şan.
Aca çörək vermədinsə heç zaman –
Vətəndaşam, söyləməyə haqqın yox.

Vəzifən var, dilə düşüb «şöhrətin»,
Rüşvətxorsan, aşıb-daşır sərvətin,
Dar ayaqda yoxa çıxır qeyrətin,
Vətəndaşam, söyləməyə haqqın yox.

Kəsir qılıncının dalı, qabağı,
Qarabağda at oynadır yad, yağı,
Olmursansa qaçqınların qonağı
Vətəndaşam, söyləməyə haqqın yox.

Dövlət maşınında dolanırsansa,
Bundan dəbdəbəli gün anırsansa,
Haqqı, ədaləti tez danırsansa
Vətəndaşam, söyləməyə haqqın yox.

Neçə yerdə villaların, sərvətin,
Saya gəlmir indi varın, sərvətin,
Düşmənlərə yoxsa qəlbdə nifrətin
Vətəndaşam, söyləməyə haqqın yox.

Varlandıqca doymayırsa gözlərin,
Röyadırsa, yalandırsa sözlərin,
Özün sağkən simənibsə gözlərin
Vətəndaşam, söyləməyə haqqın yox.

Kişilikdən dəm vurmağın əbəsdi,
Beləcə tez qudurmağın əbəsdi,
Bir də görəcəksən bəd külək əsdi
Vətəndaşam, söyləməyə haqqın yox.

21 iyul 2002
Rusiya, İvanovo şəhəri