Hey salırıq yada Göyçəni, Allah

Dodaqdəyməz

 

Hey salırıq yada Göyçəni, Allah,
Niyə qıydıq yada Göyçəni, Allah?
İtirdik dünyada Göyçəni, Allah,
Haçan doyduq telli sazdan, ay haray?

Qaldı o dağlarda Alının ruhu,
Narahatdı orda Alının ruhu,
Darda intizarda Alının ruhu –
Qüssə, kədər yağır üzdən, ay haray.

Sazlı-sözlü diyar idi əzəldən,
Aşıqları söz salırdı gözəldən.
Çələng tutduq təcnislərdən, qəzəldən,
Soraq yozdur güllü yazdan, ay haray.

Kaş görəydik yenə Göyçə gölünü,
Yoxdur sazda çalan «Göyçəgülü»nü.
Dolaşaydıq tarlasını, çölünü,
Yol salaydıq dağdan, düzdən, ay haray.

Göyçəlilər daha şadlanan deyil,
And olsun Allaha, şadlanan deyil,
Əli niskilini heç danan deyil,
Keçən yoxdur yoldan, izdən, ay haray.

1 fevral 2007