Hörüklər

Hörüklər qulac-qulac,
Hörüklər dəstə-dəstə.
Toxunmayın onlara
Oynasın gərdən üstə.

Vaxt olar tək hörülər
Gah da qoşa hörüklər.
Gözəllərçün yaranmış
Bir tamaşa hörüklər.

Qoşa hörüb, qoşa da
Çatın o hörükləri.
Leyli kimi arxaya
Atın o hörükləri.

Neçə aşiq onları
Şahmara bənzədibdir.
Neçə qəlbi o saçlar
Özünə bənd edibdir.

Hörüklər qalmış bizə
Nənələrdən yadigar.
Koroğlunun, Babəkin
Onlarda əl izi var.

Həcər də duran zaman
Düşmənlərin qəsdinə.
Aşıb düşdü hörüklər
Aynalının üstünə.

Tərciqqalı tellərə
Vaqif də çox söz dedi.
Pərilərə ürəkdən
Neçə şeir söylədi.

Söyləyin bu dünyada
Kim sevib-sevilməyib?
Hörüklərin qədrini
Hansı bir xalq bilməyib?