Əhsən dedim

Yad edəcəm ömrüm boyu,
Unutmaram mən o günü.
Yaddaşıma həkk elədim
Hər kəlməni, hər sözünü.
O nə məqam,nə an idi?
Qəlbim gülür, sevinirdi.
Söz qəlbimdə aşdı-daşdı,
Gözüm niyə bəs qamaşdı?
Söz-söhbətin öz yerində,
Gözəlliyin əfsanədir.
Qəlbin hikmət boxçasıdır,
Möcüzədir, yoxsa nədir?
Məna dolu hərdən gülən
Gözlərinə əhsən, dedim.
Könülaçan hər kəlmənə,
Sözlərinə əhsən, dedim.
Gəncəmizdən Bakıyadək
Bizi feyziyab eləyən
Dilinə mən əhsən, dedim.
Yolçu olub çıxdın yola,
Yoluna mən əhsən, dedim.
Səni bizim dünyamıza
Bəxş eləyən mərd obana,
Elinə mən əhsən, dedim.
Ay ismətli el gözəli,
Camalına əhsən, dedim.
Kaş çox ola səntək qızlar,
Kamalına əhsən, dedim!
Kamalına əhsən, dedim!

Fevral 1984