«Hayastan» nəşriyyatı. Yerevan. 1971
Aramızdan vaxtsız getmiş unudulmaz qələm dostum Mehdi Həsənovun əziz xatirəsinə ithaf edirəm.
Əli Vəkil (Səfiyev Vəkil oğlu) Ermənistanda yaşayıb yaradan gənc şairlərdəndir.
«Hayastan» nəşriyyatı onun «Sona bulağı» adlı ilk şeirlər kitabçasını 1963-cü ildə, «Zəfər çələngi» adlı ikinci şeirlər məcmuəsini isə 1967-ci ildə oxuculara təqdim etmişdir.
Əli Vəkil poeziya aləmində üçüncü addımını «İki günəş» adlı yeni şeirlər kitabçası ilə atır. Bu yolda müəllifə müvəffəqiyyətlər arzulayırıq.
MƏNİM BORCUM
Borcluyuq unudulmaz
anaya borcluyuq biz.
Anaların eşqilə
dilə gəlir qəlbimiz.
Borcluyuq biz Günəşə,
borcluyuq biz Aya da.
Borcluyuq bu cahanda
torpağa da, çaya da.
Daim yad etsin insan
övladının borcunu,
dostlarının borcunu,
öz adının borcunu.
Biri təntiyibdirsə,
dərhal dadına çatmaq,
Qqyrisini ölümdən
xilas edib yaşatmaq
fərəhdir, borcdur bizə –
onun üçün dünyada
ən qiymətli xəzinə –
insan deyirlər bizə!
Sərin sulu bulaqdan
əgər su içmisənsə,
o bulağa borclusan.
Səfalı bir yaylaqdan
dolanıb keçmisənsə,
o yaylağa borclusan.
Saçlarıma dən düşür,
yaşa doluram özüm,
böyüyür övladım da.
Babamın da adını,
atamın da adını
yaşadıram adımda.
Bunlar da borcdur mənə.
Elimin oğluyamsa,
çətin dəqiqələrdə
gərək olum Vətənə.
Deyirəm ki, gəlin biz
unutmayaq həyatda
borcumuzu heç zaman.
Çalışaq gecə-gündüz,
şərəflə çıxmaq üçün
müqəddəs borcumuzdan.
VƏTƏN MƏHƏBBƏTİ
Qulağı, gözü bağlı
dolandırsalar məni,
dünyanın hər yerində
sezə bilmərəm düzü,
heç bir özgə ölkəni.
Çatsam doğma Vətənə
bilərəm ki, mən onun
isti qucağındayam.
Candan əziz yurdumu
dərk edər, duyaram mən.
Axı körpə ananı
tanıyar nəfəsindən.
AZƏRBAYCAN
Azərbaycan!
Əsrlərin siinəsindən
keçib gələn
nurani bir ixtiyar.
Azərbaycan!
Hər qarış torpağında
neçə-neçə qəhrəmanın
izi var.
Azərbaycan!
Günəşin bir parçası,
övladları od oğludur,
atəş kimi parlayar.
Azərbaycan!
Savalanlı, Kəpəzli
Araz ürəyini
bölüb parçalar.
Azərbaycan!
İNSANLARIN məskəni,
yurdumuzda səadət
daim olmuş ona yar.
Azərbaycan!
Əziz, doğma Vətənim,
Nizamilər, füzulilər
Yetişdirmiş bir diyar!
SEVİNCİM, KƏDƏRİM
Arzularla yaşayan
birisinin evində
çıraq yandı sevindim.
Yenicə həyat quran
bir qız ilə bir oğlan
özlərini dünyada
xoşbəxt sandı sevindim.
Bir övlad həsrətilə
hər zaman alovlanan
iki ürək özündən
dərdi sildi sevindim.
İllər boyu işığa
həsrət qalan bir korun
gözlərində əbədi
dan söküldü sevindim.
İnsan üçün yaşayıb,
eli üçün yaradan
Sotsarta qəsdə etdilər
aşıb-daşdı kədərim.
Bax, beləcə günlərim
sevinci ilə kədərə
sirdaş olub ötüşür.
Həyatı kitab kimi,
bir-bir vərəqlədikcə
saçlarıma dən düşür.
İNSAN
İnsan – yerin, göyün şöhrəti,
asimantək böyükdür,
sevgisi, məhəbbəti.
Onun eşqi qədər də,
güclü olur nifrəti.
İnsan – həm sevən, həm sevilən,
həm ağlayan, həm gülən.
İnsan – bir əlilə yaradıb,
bir əlilə dağıdan.
Onun əməllərilə
şöhrətlənmişdir zaman.
İnsan – alovludur ürəyi,
Bəzəyidir dünyanın
xoş arzusu, diləyi.
İnsan – hər işdə onun
yaratmaq qüdrəti var.
Əzmilə fəth olundu
ulduzlu kəhkəşanlar.
İnsan – dünyada hər əzaba
mərdliklə gətirir tab.
İnsan – hər vərəqi sehirli
açılmamış bir kitab.
ANA
(Anam Yaqutun əziz xatirəsinə)
Yadıma düşdün yenə
qəlbim yandı, ana can.
Niyə belə tez köçdün
sən bizim bu cahandan?
Həyatı tərk etdiyin
on səkkiz ildir, ana.
Əksin gözüm önündən
uzaq deyildir, ana.
Atam cəbhəyə gedib
qayıtmadı bir dağa…
Ata olub sən bizə
ümidini bağladın
uğurlu bir sabaha.
Çalışdın gecə-gündüz
usanmadın zəhmətdən.
Qəlbinin atəşilə
isindirdin bizi sən.
İndi yaşa dolduqca
səni lap çox anıram.
Övladının yolunda
nələr keçirdiyini
hiss etdikcə, duyduqca
hər an alovlanıram.
Eşitmədin, ay ana,
sən balaca Müşfiqin
qəlb açan sözlərini.
bir doyunca görmədin
nəvənin yerişini,
qap-qara gözlərini.
Sən görmədin, ay ana,
bir-birindən xoş gələn
ətirli baharı da.
Bir gül kimi açılan,
könlümüzün sevinci
körpəcə Vüqarı da.
Daima bir-birindən
gözəl keçən illəri
nədən görmədin, nədən?
Fəqət sənin yerində
gördü şən övladların,
gördü nəvələrin də.
Səni yola salarkən
göz yaşları tökərək,
köksümü çox ötürdüm.
Deyirəm, timsalında
həm sevimli bir ana,
həm də ata itirdim.
MƏN
Baharla doğulmuşam
Çağlayan bulağam mən.
Zirvəylə dost olmuşam,
Başı qarlı dağam mən.
Səhər çağı əsən meh,
Otlar üstə qonan şeh,
Çiçəkli qövsi-qüzeh,
Sərin bir yaylağam mən.
Yaşaram el səsində,
Sözündə, nəğməsində,
Dağların sinəsində
Közərən ocağam mən.
Xalqım nə bəxtiyardır,
Şairdir, nəğməkardır.
Qol-budaqlı çinardır,
Onda bir yarpağam mən.
DOĞMA MƏKTƏB
Oğlum Müşfiqə
Yaraşıqlı həyətinə
qürur ilə ayaq basdım.
Gülərüzlü körpələrin
şən səsəinə qulaq asdım.
Göz önündən gəlib keçdi
uşaqlığım – şirin anlar.
Məni doğma ana kimi
böyütdüyün xoş zamanlar.
Otaq yenə həmin otaq,
parta isə o partadır.
Fəqət birgə oxuduğum
yoldaşlarım haradadır?
Bu sinifdə öyrənmişəm
ana sözü yazmağı mən.
Dərsə hazır gəlməyəndə
utanmışam müəllimdən.
Neçə-neçə mənim kimi
müəllimin məktəbisən.
Doğma bina, tək mənim yox,
sən elimin məktəbisən.
Göyçə. İnəkdağı
GECƏ
Gecə öz örpəyini
sərir ana torpağın
yenə gen sinəsinə.
Qaranlıq hücum çəkir,
qaranlıq hakim olur
məqsədi nə, qəsdi nə?
Hər şey sükut içində,
hər yan yuxuya dalır.
Gecə öz nəfəsini
bulaqların şən səsi,
küləklərin əsməsi,
yarpaqların budaqda
titrəməsiylə alır.
Gecə susmuş, susmuş ki,
beşiyində körpələr
uyusun şirin-şirin.
Gecə susmuş, susmuş ki,
fikrini dağıtmasın
yeni əsər yaradan
bəxtiyar şairlərin.
Gecə susmuş, susmuş ki,
insan oğlu yuxlasın,
insan oğlu dincəlsin.
Əmək qəhrəmanları
sabah öz iş yerinə
yeni qüvvəylə gəlsin.
Gecənin ömrü qısa,
gecənin ömrü gödək.
gecə əriyib gedir
ixtiyar bir insanın
qürub edən ömrütək.
Aydınlaşır üfüqlər
yavaş-yavaş gülür dan.
Yenə anamız günəş
şəfəqiylə oyadır
gecəni yucusundan.
SAAT
Gecə və gündüz
ara vermədən
işləyir saat.
Biz isə hər vaxt
baxırıq ona.
Dövrə vurduqca
o qoşa oxlar
çox insan ömrü
yetişir sona.
İşləyir saat.
Çevrilir bir-bir
saatlar günə,
gün isə aya.
İşləyir saat
döndükcə oxlar,
gör neçə insan
gəlir dünyaya.
VÜQAR
Çətin gündə birini
vətən çağıran zaman,
get, yaxı yol, – dedilər.
Onu yola salaraq
yaxın dostlar, tanışlar,
vüqarlı ol, – dedilər.
Qələm tutan sənətkar,
Vətənimin vüqarı,
öz vüqarımdır, – dedi.
Onun gözəllikləri,
bir də şanı, şöhrəti,
iftixarımdır, – dedi.
Mən də sevdim vüqarı,
oğlum, başqaları tək.
Vüqar dedim ki, sənə
köksün altda döyünsün
adına layiq ürək.
***
Biri qalxarkən dağa
tez-tez əli-ayağı
çınqıllara dəyirdi.
Hərdən inamla gedir,
hərdən büdrəyirdi.
O, qalxırdı zirvəyə
yıxılaraq, duraraq.
Getdikcə ucalırdı
sanki bu vüqarlı dağ.
Dayanmırdı o insan
tükənsə də nəfəsi.
Ona qüvvət verirdi
dağa qalxmaq həvəsi.
UŞAQ YATIR
Uşaq yatır mışıl-mışıl,
Uşaq yatır şirin-şirin.
Gərək kimsə qaçırmasın
Yuxusunu körpələrin.
Özü yatmış, fəqət onun,
Sinəsində vurur ürək.
Yəqin sabah o özündə
Odlu Vətən məhəbbəti,
Vətən eşqi gəzdirəcək.
Şeiriyyətdir uşaqların
Duruşu da, yerişi də,
Şeiriyyətdir uşaqların
Danışığı, hər işi də.
Qayğılardan uzaqdır o,
Nə dərd bilir, nə qəm bilir.
Düşünərək anasını
Yuxusunda körpə gülür.
Hər iftira, hər bir yalan
Ürəyinə hələ yaddır.
Gülərüzlü totuq körpə
Bəlkə məşhur bir sənətkar,
Ya fitri bir istedaddır.
Böyüyəndə onun adı
Çəkiləcək hər bir yerdə.
Bu gün yeri beşikdirsə,
Gələcəkdə öz yerini
Salacaqdır ürəklərdə.
ALİMENT
Bu gün yenə qapımız
poçtalyon əlilə
döyüldü aram-aram.
Mənim üçün aliment
gətirən o insana
göstərərək ehtiram,
qəbul etdik ürəkdən.
Sezdim bu dəm anamın
gözlərində yaşı mən.
Artıq körpə deyiləm,
anlayıram həyatda
sevinci, kədəri də.
Ürəkləri sızladan
hər bir dərdi, səri də.
Söylə, məni dünyaya
niyə gətirdin, niyə?
Budurmu sənin mənə,
bir də yazıq anama
bəxş etdiyin hədiyyə?
Övladının əlindən
tutan gənc atalara
baxıb-baxıb uzaqdan
köks ötürmək üçünmü?
Tək bir dama qapanıb
gözü yaşlı anamla
ömür sürmək üçünmü?
Ürəyində bəslənən
ata məhəbbətini
Pullamı göndərirsən?
Uyub təzə «anaya»
anama hörmətini
pullamı göndərirsən?
Dilim gəlməyir bu gün
başqa uşaqlar kimi
sənə söyləyim ata.
O hansı insandır ki,
arvadını, oğlunu
evindən çölə ata.
qəlbimdən keçənləri
bu gün gərək mən yazam.
Qoy insanlar bilsin ki,
atalı atasızam.
CƏFƏR
«Otuz beş il Cəfərlə,
otuz beş il Cəfərsiz».
Olmayıbdır heç bir an
bizim bu el Cəfərsiz.
Ötən gündən danışır
bu gün yana-yana o.
Sevilərək «Sevil»lə,
yaşayır «Yaşar»la o.
Səhnə coşqun dənizdir
Cəfər oarya axan
nəhrlərin coşğunu,
çayların nəhəngidir.
Ölməz bir mahnı varsa,
Cabbarlı o nəğmənin
sözüdür, ahəngidir.
Neçə xalqın dilində
söhbət eyləyir Cəfər.
Atəşli ürəyindən
keçən bəşəri hissi
açıb söyləyir Cəfər.
O, xalqımın şərəfi,
könüllərdə yaşayan
dühalardan biridir.
Azərbaycan elinin
sevimli Cəfəridir.
ÖLMƏZ SƏNƏTKAR
Abbas Mirzə Şərifzadənin xatirəsinə
Sən insan oğlunun qüdrətinə bax,
köksündə yaşatdı gör neçə ürək.
Bəzən Hamlet oldu, bəzən Otello,
gah da çıxış etdi inqilabçıtək.
Oktayın, Aydının dərdinə dözdü,
boğdu kədərini, həyəcanını.
Xalqına bəxş etdi o böyük insan
mənalı ömrünün hər bir anını.
Sənətkar ölməyir, ölməyəcəkdir,
biz onu səhnədə görürük hər an.
Neçə ki, həyat, incəsənt var,
Mirzə getməyəcək heç aramızdan.
***
Nurani bir insan içəri girdi,
saçları qar kimi, əlində əsa.
Deyin kim yerini ona verərdi,
əgər ki, böyüyə hörmət olmasa.
Cavanlar yapışdı onun qolundan,
əyləşdi yerlərin birində qoca.
Təşəkkür eyləyib oturdu bu an,
dünən borc verdiyi yerində qoca.
PAYIZ
Dağlar soyunanda yaşıl donunu,
elə bil təbiət yuxuya dalır.
Göydə buludların görünməz sonu,
tufan uğuldayır, külək səs salır.
Hər ayın, hər fəslin şeiriyyəti var.
Yaşıl meşələrin rəngi sarıdır.
Torpağın köksünə düşən yarpaqlar
payız töhfəsidir, payız barıdır.
Yığıldı anbara ellərin varı,
Xəzan əl gəzdirdi baxçaya, bağa.
Ağaclar qızılı o yarpaqları
torpaqdan almışdı, verdi torpağa.
QIŞ
Payız öz ömrünü tapşırdı qışa,
onun da hüsnü var, gözəlliyi var.
Nəzər sal hər yana, eylə tamaşa
ağ libas geyəndə vüqarlı dağlar.
Müqəddəs torpağın üzü ağ oldu,
ağaclar başına ağ cuna saldı.
Hərdən qar ələndi, hərdən sovruldu,
dərələr, təpələr yuxuya daldı.
Fərəhlə, sevinclə doldu sinəmiz,
daim fəxr eyləyib öyündü ürək.
Qışın şaxtasından usansaq da biz,
bahar həsrətiylə döyündü ürək.
Daimi deyildir qışın ki, ömrü,
çox da fəxr etməsin qoy ölməzlər tək.
Çapsa da atını hey sola, sağa,
sonda öz yerini yaza verəcək.
***
Ağ tac qoymuş ağaclar
sanki bar gətiribdir
baş əyərək bir anda
torpağı öpəcəkdir.
Budaqlar üstə qonan
elə bil ki, qar deyil,
ətirli ağ çiçəkdir.
PƏNCƏRƏ GÜLLƏRİ
Pəncərəmin önündə
açırsız səhər-axşam.
Mən sizə ilk baharın
töhfəsitək baxmışam.
Daim təzə-tərsiniz
istər bahar, istər qış.
Çiçəkləriniz rəngini
sanki günəşdən almış.
Zərif yarpaqlarınız,
incə ləçəkləriniz
soyuğa dözməz bir an.
Lazım gəlsə mən sizi
gizlədib ürəyimdə
qoruyaram şaxtadan.
Siz bahar gülləri tək
xoş ətir saçırsınız.
Sanki pəncərəmdə yox,
qəlbimdə açırsınız.
***
Dolaşarkən çölləri
yolum düşdü meşədən.
Rastlaşdım bu zaman
baltalı bir şəxslə mən.
Toplayaraq gücünü
o, yaşıl bir tingini,
kəsərək yerə sərdi.
Balta sınağı üçün
cavan ömrün məhvinə
hansı ürək dözərdi?
Bilmədi ki, o ağac
istidən təngə gələn
yolçunun kölgəliyi,
qocalıb əldən düşən
ixtiyar bir kişinin
əlindəki çəliyi,
bəlkə də bir eyvanın,
yaxud uçan bir evin
dirəyi olacaqdı.
Ya dünya işığından
məhrum olmuş bir korun
yoldaşı, bələdçisi,
köməyi olacaqdı.
Nədən məhv etdi onu,
lazım idi nəyinə?
Qıydı dilsiz ağaca,
qıydı bu təbiətin
nadir gözəlliyinə.
BİR MAY GƏLİR
Uzaqlaşdı boranlı qış,
Çaxdı şimşək, yağdı yağış.
Otlar qalxdı qarış-qarış,
Bir may gəldi, Bir may gəldi,
Ən sevimli bir ay gəldi.
Köpüklənib daşdı sellər,
Öz həddini aşdı sellər,
Elə bil danışdı sellər:
Bir may gəldi, Bir may gəldi,
Ən sevimli bir ay gəldi.
Nəfəs aldı göy meşələr,
Ötdü quşlar səhər-səhər.
Gülümsədi hər kənd, şəhər,
Bir may gəldi, Bir may gəldi,
Ən sevimli bir ay gəldi.
Örpəyini açdı lalə,
Nəğmə dedi gur şəlalə.
Sevən ürək gəldi dilə:
Bir may gəldi, Bir may gəldi,
Ən sevimli bir ay gəldi.
***
İldırımmı toxundu
göy səmanın qəlbinə?
Ağlayaraq asiman
göz yaşı tökdü yenə.
***
Hər çiçəyin öz ətri,
hər gülün öz rəngi var.
Gör neçə dərdə dərman
bitirmişdir bu dağlar.
***
Dağlarda lalə gördüm
qızların yanağı tək.
Yamacdan lalə yığdım
doyunca, ətək-ətək.
***
Payız vaxtı yarpaqlar
tab gətirə bilmədi
bağda əsən küləyə.
Tərk etdilər budağı,
bahar vaxtı yerində
təzəsi bitsin deyə.
***
Səhər tezdən dalandar
nə qədər süpürdüsə,
təmixləyə bilmədi
qızılı yarpaqları.
Öz-özünə söylədi:
– tükənməzdir dünyada
ana torpağın barı.
***
Həzin bir səs eşidib
baxçaya baxdım bu an.
Qopub düşürdü bir-bir
yarpaqlar budağından.
Bağ-bağçanı bürüyən
payızın nəğməsiydi.
Qulağımda əks edən
eşqimin son səsiydi.
ARZULAR
Qüvvət, istedadsınız,
şairə qanadsınız.
İnsanı qaldırırsız
başı qarlı dağa siz.
Bizimlə doğuldunuz
bizi yaşatmağa siz.
***
Qul, xidmətçi sözünə
düşmənəm yer üzündə
bütün varlığımla mən.
Nədirbilən xalqıma
mən oğulam, övladam
həyatı duyan gündən.
***
Dəniz deyil, o dəniz
sahilləri gəmirib
coşub dalğalanmasa.
Nəyə lazım o insan
yaratmaq eşqi ilə
alovlanıb yanmasa.
***
Günəş yanır illər boyu,
yaranıb o, yanmaq üçün.
Axşam olur, insan yatır
səhərlər oyanmaq üçün.
***
Həyatın yolları başqa-başqadır.
Yollar var ansandır, yollar var çətin.
Deyirəm nə ola hamı biləydi
şərəfli yolunu əbədiyyətin.
***
Nəyə lazım gərəksiz
Bir əsr ömr edərək
yaşamağım, gülməyim.
Şərəfdir mənim üçün
bir insanı dünyada
ölümdən xilas edib
yarı yaşda ölməyim.
***
Çıxaramsa səfərə
qoy həyatda itməyim
ümmanların içində.
Əgər azıb yolumu
itsəm də qoy itim mən
insanların içində.
***
Yeni insan doğuldu
yer üzündə bir sevinci,
bir səadət çoxaldı.
Yeni insan doğuldu
dünyamızda bir gülüş,
bir məhəbbət çoxaldı.
SU
Yuxumuza girəndə
aydınlıqdır dedilər.
Səfərə çıxanların
arxasınca səpdilər.
Qoy hər kəsin istəyi
sənin kimi saf olsun.
İnsanların ürəyi
ləkəsiz şəffaf olsun.
Nə olaydı şeirim də
beləcə seviləydi.
Sən ləkəni yuyantək
o da tək-tək qəlbdəki
dərdi-qəmi siləydi.
GÖZLƏ MƏNİ
Gözlə məni, əzizim,
gözlə ümidlə hər an.
Dönmərəm ömrüm boyu
mən öz etibarımdan.
Xəyalın qanadında
yüksələrəm göylərə.
Şimşəkdən sürət alıb
yetişərəm o yerə.
Sözüm düz çıxsın deyə,
külək olub gələrəm.
Zindanlara salınsam
yıxaram divarları.
Deyirəm ki, bircə sən,
əhdindən dönmə barı.
Görüşünə gəlməyə
ölümdən möhlət allam.
Təmiz məhəbbətinlə
zirvələrə ucallam.
Gələrəm, qəm eyləmə,
gələrəm, ey nazlı yar.
Qoy var olsun sədaqət,
qoy var olsun etibar!
***
Qarsız keçən qış fəsli
qurumuş çaya bənzər.
Məhəbbətsiz bir ürək
barsız baxçaya bənzər.
***
Əzizim, yaxşı bil, mən əzəl gündən
səni ürəyimin həmdəmi saydım.
Həvəsim, ilhamım sönərdi bəlkə
eşqinlə dünyaya bağlanmasaydım.
***
Eşqinə inanmıram.
deyərkən, ey vəfadar,
yaman xətrimə dəydin.
Kaş qəlbimə əbədi
nəqş olunan əksini
özün görə biləydin.
***
Könlümü coşdurur saf məhəbbətin
Sevgidən, hicrandan bir az halıyam.
Sənin büllur kimi təmiz eşqini
canımda, qanımda yaşatmalıyam.
***
Öyrənmişəm səsinə,
Baxmaram özgəsinə,
Dərdinə gərrəm sinə
Xoş sifət göstər mənə.
Məhəbbətin ümmandır,
Bir onu duy amandır,
Demirəm oda yandır,
Şirin söz göndər mənə.
Yanımda olsan əgər,
Yox olar hicran, kədər.
Ürəkdən sevməyənlər
Gülməsin mənə hədər.
GÖRÜŞ YERİ
Yenə də hər yanı bəzəmiş bahar.
Bulaq həmin bulaq, çay həmin çaydır.
Yaşıl örpəyinə bürünmüş çinar.
Gün də eyni gündür, ay həmin aydır.
Biz əhdi-peymanı burda eylədik.
Alır qanadına xəyallar məni…
«Sevirəm» sözünü burda söylədik.
Düşündüm bu yerdə olub-keçəni.
Məndən uzaqdadır bu gün kədər, qəm,
Sevgilim evində-eşiyindədir.
Mən görüş yerindən yalqız keçirəm
Osa körpəmizin keşiyindədir.
***
Ən yaxın qonşuyuq biz
üz-üzədir evimiz.
O da çıxır eyvana,
mən də çıxıram hərdən.
Ayrılmaq olmur bu an
şirin düşüncələrdən.
Baxırıq hər ikimiz,
Nə o dinir, nə də mən.
Yaxşı bilir sevənlər
sükutun da dili var.
Biz sussaq da hər şeyi
danışır lal baxışlar.
DÜŞÜBDÜR
Qulaq as, gözəlim, bir məni dinlə,
Deyirlər eşqimiz dilə düşübdür.
Ülfət bağlamışam mən ki səninlə,
Sözümüz aylara, ilə düşübdür.
Bil ki, məhəbbətdə dəyanətim var,
Xoş arzum, xoş sözüm, xoş niyyətim var.
Bir şikar axtarmaq xasiyyətim var,
Vurmuşam bəs nədən gölə düşübdür?
Deyirəm adını şeirimə salım,
Baxıb gözlərindən bir ilham alım.
Səninlə şadlanıb, birgə ucalım,
Könlümün mahnısı zilə düşübdür.
Gül açır yurdumda min arzu, dilək,
Yaratmaq eşqilə döyünür ürək.
İnsaf et, dünyada tərslikdən əl çək.
Mən bülbüləm, meylim gülə düşübdür.
Məhəbbət qəlbləri mehriban edir.
Həyatda yolumuz, məqsədimiz bir.
Yaşamaq gözəldir, sevmək gözəldir.
Bizimki əzəldən belə düşübdür.
***
Ayrılıq anı çatdı,
əl verdik yana-yana.
Qınamasınlar məni
ayağım çətin gedir…
Axı qəlbimdə sənin
saf məhəbbətin gedir.
BALACALARLA SÖHBƏT
MƏN QOÇAĞAM
Mən qoçağam, ay ana,
Qardaşım isə tənbəl.
Dolaşıram hər yanı,
Osa iməkləməkdən
Çəkməyibdir hələ əl.
Mən qoçağam, ay ana,
Tənbəldir oğlun Vüqar.
Mən şeirlər deyirəm,
Ondan söz soruşanda
Lal kimi durub baxır.
Oğlum, əziz Müşfiqim,
Qardaşının yaşında
Sən də elə olmusan,
Düşünmə ki, anadan,
Beləcə doğulmusan,
Sən də elə olmusan.
TƏRS GEYİR
Çox qəribə oğlandır
Bizim bu şıltaq Vüqar.
Evdə inadkarlığı
Bir az da tərsliyi var.
Bir də görürsən ki, o,
Başmağını tərs geyir.
Sözlərini dalqabaq,
Sözlərini tərs deyir.
Tanımayır köynəyin
Tərsini, ovandını.
tanımayır heç nəyin
Tərsini, ovandını.
Seçə bilməyir hələ
Sağı ilə solunu.
Təkbaşına buraxsan
Dərhal azar yolunu.
Həyatda olanları
Təzə dərk edir Vüqar.
Bağışlayın siz onu,
Axı körpədir Vüqar.
OYUNCAQLAR
Vüqar oyuncaqları
Tökübdür dörd yanına.
Kimsə gərək bu anda
Yaxın gəlməsin ona.
Bir baxın, o mindirib
Dovşanı təyyarəyə.
– Sən uç Leninqrada,
Çoxlu qar var orada.
Ayını maşın ilə
Göndərir Moskvaya.
Deyir sən ağıllısan,
Qayıdarsan bir aya.
Tülküyə söyləyir ki,
Sən sürərsən qatarı
Çatanadək meşəyə.
Haraylayır anası
Oğlum, Vüqar çox gecdir,
Tez elə, gəl yat, deyə.
İSTƏYİR
Əgər qarpız alınsa,
Vüqar bıçaq istəyir.
Alma versələr ona,
Tez soyub yeyək deyir.
Hərdən kəndə gedəndə
Süd versin inək, deyir.
Bayırda at görərsə,
Dayandır, minək, deyir.
Çaydan keçsə bu oğlan
Soyunub çimək, deyir.
Uşaq bağçasında o,
Ata, nənniyə minib
Bir az yellənək, deyir.
Qonaq getsək bir yerə,
Tez evə dönək, deyir.
Vüqar hər şey istəyir,
Vüqar hər şey istəyir.
QAÇMAYIN, AY DALĞALAR!
Dayanmışam sahildə
Aşıb gəlir dalğalar.
Bizim mavi dənizdə
Görün nə çox dalğa var.
Qaçmayın, ay dalğalar,
Çox sevirəm mən sizi.
Atamla gəlmişm ki,
Seyr eyləyəm dənizi.
Elə bil ki, sözümdən
Sürətləndi dalğalar.
Qalxıb endi dalğalar.
Dayanmayırlar onlar
Bilməyirəm bəs ndən?
Tutmağa cəhd eylədim,
Saxlaya bilmədim mən.
Bir-birini qovaraq
Tez sahilə satdılar.
Qumlar ilə bərabər
Məni də islatdılar.
ŞƏLALƏ
Başı qarlı dağların
Qoynundadır kəndimiz.
Çayın həzin səsini
Hər an dinləyirik biz.
Gecə-gündüz qıjhaqıj
Tökülür qayalardan.
Deyirlər şəlalədir
Nəğmə deyir hər zaman.
Bir gün sordum anamdan:
– Nə danışır şəlalə.
Cavab verdi o belə:
– Şəlalə söyləyir ki,
Mənim bir tələbim var:
– Gərək ata-ananı
İncitməsin uşaqlar.
– Onun dediklərini
Heç vaxt unutmaram mən.
Bir dəfə də anamın
Çıxmayıram sözündən.
İKİ GÜNƏŞ
(poema)
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çtçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Mikayıl Müşfiq.
PROLOQ
Sözlərini dinləyib
düşündüm gecə-gündüz,
düşündüm dərin-dərin.
Acısını daddım mən,
dünyada göz yumduğun
o dəhşətli illərin.
Xəyalıma ruh verib,
könlümə qida oldu
qanadlı şeirlərin.
Səni xatırlayarkən,
qəlbimdəki kədərim
Süzüldü gözlərimdən
yenə də damla-damla.
Xalqa məhəbbətini
ürəkdən vəsf etməkçün
əhd elədim ilhamla.
Nədən oldun dünyada
taleyi kəm, bəxti kəm?
Yazdığım bu misralar
olsun sənə, şairim,
ilk xatirəm, hədiyyəm.
İlhamı bir şəlalə,
ürəyi dağ, Müşfiqim.
Əsrlər də dolansa,
səni doğma xalqımız
Yaşadacaq, Müşfiqim.
Sənsən elin şairi,
sənsən elə nəğməkar.
Altmış beşdə doğulmuş
balaca Müşfiqim var.
Körpəmizə həyatda
mən Müşfiq demişəm ki,
Adın tez-tez çəkilsin.
Onun hər bir gülüşü
səni yad eyləyərkən
ürəyimi dağlayan
dərdi-kədəri silsin.
Deyirəm ki, yazdığım,
sənə layiq xatirə,
sənə layiq söz ola.
Yaratdığım bu nəğmə,
ürəklərə yol açan
cığır ola, iz ola.
***
On altı yaşlı Müşfiq,
Şeirin üfüqlərində
yeni qanad açırdı.
Parlaq bir ulduz kimi,
qaranlıqlar içindən
sönməz işıq saçırdı.
Ürəyinin qanıyla
tərənnüm eyləyirdi
doğma Azərbaycanı.
Kim bilirdi bu gəncin,
gələcəkdə sözləri
dolaşacaq hər yanı?
Şən Bakının qoynunda
boy atırdı şairim,
boy atırdı istedad.
Doğularkən oğluna
Mikayıl dedi ana.
Sonralar isə həyat,
şeirin vurğunu Müşfiq,
adı bəxş etdi ona.
***
Yenə Müşfiq evə döndü gülər-şən.
Dedilər məktub var sənə Gəncədən.
Açaraq oxudu o, məhəbbətlə,
gördü Lütvi yazıb xoş bir niyyətlə.
«Yaylağa köçürük, yol üstəyik biz.
Sənin həsrətinlə vurur qəlbimiz.
Göyçənin dağları gözləyir bizi.
Quraq bulaq üstə öz dəyəmizi.
Çəmənlər səfalı, bulaqlar sərin.
Doymazsan ətrindən əlvan güllərin.
Görüb tanış olaq biz o yerlə də,
gedib görüşərik Ələsgərlə də.
Atamın dostudur, yaxşı bil bunu.
Yaznalı çox sevir o eloğlunu.
Doyunca dinlərik onun sazını,
sevincdir eşitmək xoş avazını.
Bu qədər, qardaşım, öpürəm səni.
Heç vaxt tanımasın qüssə, qəm səni.»
Oxudu Müşfiqin qəlbi şad oldu.
Bu xəbər şairə qol-qanad oldu.
Düşündü aşığı, düşündü bu dəm.
Güldü gözlərində elə bil aləm.
Dedi: – doğrudanmı tutacağam mən,
Aşıq Ələsgərin bir gün əlindən.
Nə lazım gecikmək, vaxtı itirmək,
göyçəli aşığı mən görəm gərək.
Gəldi xəyalına odlu sözləri,
fərəhdən yaşardı qara gözləri.
Heç belə bir fürsət düşərmi ələ,
bükdü məktubunu tez gülə-gülə.
Mehriban Bakını çox dolaşdı o.
Yola düşmək üçün hazırlaşdı o.
Əlində laləni bayraq edərək,
bahar dağ döşünə düzəndə çiçək,
sevimli dostları çox andı Müşfiq,
Bakıdan Gəncəyə yollandı Müşfiq.
***
Çatdılar mənzilə bir səhər çağı,
burda çox sevirlər qərib qonağı.
Böyük Məzrə kəndi, Göyçə mahalı.
Dostu Bəxtiyarı tapdı Yaznalı.
Doğma qardaş kimi öpüşdü onlar.
Üz tutub qonağa dedi Bəxtiyar:
– Siz mənim qapıma xoş gəlibsiniz.
Qonaqsız olmasın bir gün evimiz.
Açıqdır süfrəmiz dostun üzünə.
Vurğunam, Yaznalı, şirin sözünə.
Qonaq, gələnləri təqdim eylədi.
Hamının adını bir-bir söylədi.
– Bu il çoxalmışdır oğlumun biri.
Bu gənc Mikayıldır, şeirin əsiri.
Oğlum Lütvi ilə qardaş olubdur,
and içib onunla sirdaş olubdur.
Bizimlə yaylağa gətirmişəm mən,
baxıb ilham alsın Göyçə elindən.
Müşfiqin əlini sıxıb Bəxtiyar,
Dedi ki, gözümün üstə yerin var.
Mənim də oğlumsan bu gündən belə.
Tale çox görməsin qoy səni elə.
Hazırlıq görüldü, quzu kəsildi.
Adam göndərdilər aşıq da gəldi.
Həmin gün o evdə toy-bayram oldu.
Əziz qonaqlara məclis quruldu.
Aşıq saz köklədi, dastan danışdı.
Sözləri ümman tək çağladı, daşdı.
Gah «Misri» üstündə səsləndi sazı.
Gah da «Kərəmi»ylə coşdu avazı.
«Gəraylı», «Cəlili», «Təcnis», «Müxəmməs».
Xalqın ürəyindən heç vaxt silinməz.
Könül açdı «Göyçə gözəlləməsi».
Xoşdur saz yanında balaban səsi.
«İrəvan çuxuru», «Orta sarıtel»,
Çox belə mahnılar yaratmış bu el.
Aşıq Ələsgərdən, Abbasdan dedi.
Gah zildən oxudu, gah pəsdən dedi.
Ürəklərdə sevinc, üzlərdə vüqar,
sevindi könüldən qoca Bəxtiyar.
Mahnı şirinləşdi, məclis uzandı,
hamının qəlbində bir şölə yandı.
Dedilər söhbətə bir ara verək.
Çay içib aşıq da dincəlsin gərək.
Qəlbində təlatüm, qəlbində ümman,
qalxaraq yerindən Mikayıl bu an:
– İzin ver, ay aşıq, izin ver mənə,
vurum təzənəni sazın telinə.
Basaraq sinəmə bir qədər onu,
Çalıb xatırlayım qoç Koroğlunu.
– Qurbandır saz sənə, al, – dedi, aşıq.
Hər nə istəyirsən çal,- dedi aşıq.
Saz tüğyan eylədi, saz dilə gəldi.
Gah bəmdə səsləndi, gah zilə gəldi.
Oxşadı qəlbləri el havaları,
sazda dilləndirdi əl, havaları.
Sonra da aşığa tutub üzünü,
dedi bu qoşmanı, ürək sözünü:
Çal ki, qəlbin dilə gəlsin, ay aşıq,
Mən əzəldən telli saza vurğunam.
Özün də gül, el də gülsün, ay aşıq,
Söhbətə vurğunam, sözə vurğunam.
Nə məğrurdur sizin elin dağları,
Könül açıl bağçaları, bağları,
Unudarmı insan bu xoş çağları?
Bahara vurğunam, yaza vurğunam.
Göyçə eli aşıqların vətəni,
Heyran edir bulaq məni, çay məni.
Ürəkdən sevirəm çölü, çəməni,
Yamaca vurğunam, düzə vurğunam.
Hamı alqış dedi odlar oğluna,
Mahnı vurğununa, bahar oğluna.
***
Gördülər yenə də tanış yaylağı.
Deyir mahnısını Sona bulağı.
Bəzəmiş dağları anamız bahar,
vardır ürəklərdə böyük iftixar.
Yaxşı bir yer seçib dəyə qurdular,
gah dağa qalxdılar, gah oturdular.
Lütvi Münəvvərə dei: – ay bacı,
qaçırma kəkliyi, qovma turacı.
Bildirçin, qırqovul, bir də torağay,
bəzəyir yaylağı hər gələndə yay.
Quşlar müğənnidir, dağlar bəstəkar.
Şirin nəğmələrdən deyin kim doyar?
Ay Müşfiq, tez soyun sən ayağını,
gəl gəzək beləcə el yaylağını.
Dolaşdı çəməni yenə Münəvvər,
nitqi olmadı ki, dinə Münəvvər.
Gah lalə topladı, gah da ki çiçək,
dedi, – ay Mikayıl, gəl bir su içək.
Buyur, qonaq edim səni yemliyə,
Əlvan çiçəklərdən yığmırsan niyə?
Qız hərdən üz qoydu bulaq başına,
sataşdı Müşfiqə, həm qardaşına.
Ürəkdən vuruldu şair dağlara.
Dedi cənnət varsa, buradır-bura.
Yamaclar oxşayır ana tək bizi.
Bu yaylaqdır, yoxsa şeir dənizi?
Maral dağın köksü aldır de nədən?
Bayrağı var sinəsində lalədən.
Düşmədi Müşfiqin əldən qələmi,
nəğmə yazsın çiçəyəmi, güləmi?
Söylədi ki, ey həyat,
sən ən böyük bəstəkar,
istedadlı şairsən.
Gözəlliklər önündə
gərək ki, heç bir zaman,
Susmayasan, şair, sən.
Bulaqlara, dağlara,
şimşəklərə, dumana,
gəl, sən ötərgi baxma.
Ələsgər vəsf etdiyi
aşıqlar diyarında,
hər nə gördün buraxma.
Dağ döşündən gedəndə qar,
baş qaldırar yaşıl otlar,
min naz ilə gülər bahar,
bu çəmənə, buy aza gəl.
Lalə, nərgiz üz-üzə,
gah yala çıx, gah düzə,
Keyti dağdan aş o üzə,
bu cığıra, bu izə gəl.
Nəğmə dinlə zaman-zaman,
hər ürəkdə yatır dastan.
İç sərin su, ye kababdan,
Bu ocağa, bu közə gəl.
Zirvəni seyr edərkən
dedi: – gərək dağlartək,
şair vüqarlı olsun.
Çəmənləri gəzərkən
xəyalından keçdi ki,
insanlar da həyatda
qoy, etibarlı olsun.
Gəzib yaşıl dərəni,
çölü, çəməni gördü.
Dolaşdığı yerləri
ilhamın fırçasıyla
o, qəlbinə köçürdü.
Əks etdirdi üzündə
dağların vüqarını.
Sevdi Göyçə elinin
ətirli baharını.
Dayanıb heyran-heyran
Sarınərə baxdı o.
Elə bil fərəhindən
quş tək uçacaqdı o.
Seyrə çıxıb Göydöşü,
qonaq qaldı Çaldağda.
Durub xəyala daldı
bir qədər Keçəl dağda.
Nəzərindən qaçmadı
yenə məğrur Şişqaya.
Bəlkə yarıb səmanı
çatacaqdır o, Aya?
Kim ilham almayıbdır
gur Pəri bulağından?
Çağlayaraq illərlə
nəğmə demiş hər zaman.
Sanki Telli bulağı
o, qəlbində apardı.
Dostlar, görün bu yerdə
nə qədər çeşmə vardır.
Dəstə tutdu dağların
çiçəyindən, gülündən.
Bulaqlara dediyi
sözlər axdı dilindən:
Qayaların köksündən də çağlayar,
İnsanların qardaşıdır bulaqlar.
Ötənləri mehman edib saxlayar,
Yolçuların sirdaşıdır bulaqlar.
Suyu safdır sevənlərin qəlbitək.
O həyatdır, bir də doldur ver içək.
Dörd yanını bəzəmişdir gül-çiçək,
Dərələrdə yanaşıdır bulaqlar.
Elə bil ki, dünya ilə əhdi var,
Qucağında ötər kaman, dinər tar,
Həyatda hamını bərabər tutar
Arifmidir, ya naşıdır bulaqlar?
Bir qocayla görüşəndə
qulaq asdı söhbətinə.
Bir uşağa rast gələndə
danışırdı dönə-dönə.
vəsf elədi bu diyarı
o, ilhamla axşam-səhər.
Xəyalında əziz Bakı,
xəyalında düşüncələr.
Baxıb dedi nə mavidir
Büllur sulu Göyçə gölü.
Tarixlərin yadigarı,
cavan, ulu Göyçə gölü.
Çox dinlədi dalğaları
dolaşarkən sahilləri.
Xəyalında əks olundu
onun məşhur «Göyçə» şeiri:
«Göyçə ey gənc Göyçə, ixtiyar Göyçə.
Sən ey bədbəxt Göyçə, bəxtiyar Göyçə.
Bir görmüşdüm səni, bir də görürəm,
Sanki üyüqləri yerdə görürəm.
Mən hələ möhtəşəm maviliklərin
Könüllərdən dərin, sulardan dərin
Ruhunun tək qalan pərəstişkarı,
Mərd deyil sındıran əski-ilqarı,
Göyçə, ey gənc Göyçə, ixtiyar Göyçə,
Sən ey bədbəxt Göyçə, bəxtiyar Göyçə.
Göyçə, camalına çoxları baxmış,
baxarkən çoxunun ürəyi axmış.
Nə çoxdur göllərdə qalmış olanlar,
Qoynunda təsəlli tapmış olanlar.»
Bahar vaxtı gəzmisənmi
qoynu yaşıl Sarı yeri.
Şorcalardan adlayaraq
yaylaqlara sarı yeri.
Çalmalının ətəyindən
bir yol gedir Kəlbəcərə.
Onun ilə getsən əgər,
səni alar öz qoynuna
gör neçə dağ, neçə dərə.
Çox ürəyi sərinlətmiş
illər boyu Soyuq bulaq.
Qalxsan əgər Üçdaşlara
görsənəcək yaxın-uzaq.
Ala göllər, telli suyu,
Xoruz qaya, Tik piləkən.
Gah Çuxurda lalə topla,
gah yemlik yığ vaxt var ikən.
Bircə dəfə çıxmısanmı
səhər erkən Ağ yoxuşu?
Axı səni bir zirvəyə
çatdıracaq dağ yoxuşu.
Qərinələr yola salmış
şah vüqarlı İnəkdağı.
Zirvəsinə qalxsan əgər,
deməzsən ki, enək dağı.
Səf-səf durmuş Qatar qaya,
Tərsədədir bəlkə izim?
İstərəm ki, səyyah kimi
bu yerləri gəzim-gəzim.
Günəş şəfəqlərini
sərərkən yamacların
çiçəkli sinəsinə.
Yaylağın sakinləri
şehli çəmənlikləri
durub gəzdilər yenə.
Udub dağ havasından
qızaran üfüqləri,
seyrə daldı Yaznalı.
Sonra isə dönərək
şeir yazan Müşfiqə
nəzər saldı Yaznalı.
– Ay Mikayıl, qulaq as,
oğlum, eşit bir məni.
Deyiləsi sözüm var.
Səfərə çıxmalıyıq.
Odur, tapşırığmla
yəhərlənmişdir atlar.
Bu gün biz Ələsgəri
görməyə getməliyik.
Aşıqlar ustadını
ziyarət etməliyik.
Elə bil ki, dünyanı
şeirin pərəstişkarı
Müşfiqə bəxş etdilər.
Dayananlar şairdən,
söylədiyi belə bir
qoşmanı eşitdilər:
İllər boyu Məkkə bilim andığım,
Görmək həsrətilə alovlandığım,
Sözünü sənətdə ulduz sandığım
Böyük nəğməkara çatdırın məni.
Kaş bircə əllərim əlinə dəyə,
Mizrabı sazının telinə dəyə,
Dayanıb önündə bir baş əyməyə,
Dahi sənətkara çatdırın məni.
Gül açmış yenə də neçə dağ-dərə,
Doymaz könül əgər baxsan min kərə,
Aşıqlar sultanı ol Ələsgərə,
şeirdə Qoşqara çatdırın məni.
Getdilər el oğlunun,
getdilər hüzuruna.
Getdilər ki, görüşüb
səcdə qılsınlar ona.
Üz qoydu gənc şairim,
üz qoydu Ağkilsəyə.
Arxada qaldı bu an
doğma, alasçıq, dəyə.
***
İçəri girərkən gördülər onu,
Odlar ölkəsinin dahi oğlunu.
Bir əsrin dizini yerə vurubdur.
Elə bil nər oğlu, nər oturubdur.
Yüzü adlamışdır aşığın yaşı,
ağarmış saqqalı, ağarmış başı.
Çoxalmış alnının qırışıqları,
onu ustad bilir el aşıqları.
Dostu Yaznalını tanıyan zaman
tez qalxdı yerindən nurani insan.
Gülərək əl verdi Ələsgər ona.
Sonrasa dostunu basdı bağrına.
Öpüşdü qocalar doğma qardaştək.
Aşıq qonaqlara yer göstərərək,
sevindi ürəkdən, güldü ürəkdən:
– Gör kimi görürəm öz evimdə mən.
Xoş gördük, xoş gördük, əzizim, sizi.
Çoxdan gözləyirdim gəlişinizi.
Yerində donmuşdu Müşfiq elə bil.
Dedi bu röyadır, həqiqət deyil.
Tez gördü divardan asılmış sazı.
Demək illər boyu o, çalmış sazı.
Yaznalı söylədi ey böyük ustad,
sizsiniz Göyçədə fitri istedad.
Gördüyün bu gəncin Müşfiqdir adı.
Vardır bacarığı, vardır savadı.
Özü bakılıdır, qonaqdır bizdə.
Böyük hörməti var ailəmizdə.
Onu oğulluğa götürmüşəm mən.
Ürəyim doymayır şeirlərindən.
Qəlbi alovludur coşaraq yazır.
Gecəni gündüzə qoşaraq yazır.
Yazır yorulmadan, yazır durmadan,
ona şairliyi bəxş etmiş zaman.
Hamıdan çox sevir həyatda sizi.
Günəş adlandırır sənətinizi.
Bir çox qoşmanızı bilir əzbərdən.
Qəlbini boşaldır özü də hərdən.
Ələsgər yeridi Müşfiqə sarı,
həyat görüşdürdü sənətkarları.
İstədi Mikayıl baş əysin ona,
aşıq üz tutaraq cavan oğlana:
– Əyilmə dünyada, əyilmə, oğlum,
Çaylar da dayanar, şair əyilməz.
Ağır vuruşmalarda, çarpışmalarda
Ordular basılar, şair əyilməz.
Səsləndi yenə də qəlbimin simi.
Gəldi göz önümə böyük Nəsimi.
Sözündən dönmədi qəhrəman kimi.
Öləndə saralar, şair əyilməz.
Şair olmaq yenilməzlik deməkdir,
Şairi yaşadan odlu ürəkdir.
Nizami, Füzuli ölməyəcəkdir,
Günəş də tutular, şair əyilməz.
Aşığın qonağa çox hörməti var.
Döşəkcə üstündə oturdu onlar,
Kabab da çəkildi gələnlər üçün.
Sevindi ürəkdən Ələsgər o gün.
Elə bil qartallar durdu üz-üzə.
Ələsgər astadan başladı sözə:
– Həyatda ir dəfə doğulur insan.
Hər kəs ilham alsın yaratdığından.
Ömrümüz-günümüz getməsin bada
Bəşər şöhrətiyik biz bu dünyada.
Heç vaxt unutmasın bu ellər bizi
hörmətlə yad etsin nəsillər bizi.
– Yaranan əsərlər, deyilən sözlər,
xalqın sərvətidir, xalqın varıdır.
Aşıqlar yaradan bu incilər də
ellərin istəyi, arzularıdır.
Bizim fəxr etməyə çox dahimiz var.
Ölməz həqiqəti yazan sənətkar.
Mikayıl söylədi əfv edin ustad,
Qəlbimdə bir neçə söz hədiyyəm var.
Mən sizi şeirlə eyləmişəm yad,
öz arzum, öz yolum, öz hədiyyəm var:
Könlündə ilhamı aşıb-daşanda,
Xəyalı dağlarla qucaqlaşanda,
Yaylaqlar dolanıb, sədlər aşanda,
Say çalıb, söz deyib çağlayan aşıq.
Hər sözün mənalı, hər sözün dərin,
Canlı şeiriyyətdir könül dəftərin.
Fəxrisən yurdumun, azad ellərin,
Xalqla ülfətini saxlayan aşıq.
Sən ki, el oğlusan, elə vurğunsan,
Bahar aşiqisən, gülə vurğunsan.
Sazında səslənən telə vurğunsan,
Qəlbini qəlblərə bağlayan aşıq.
Müşfiq sözlərini qurtaran kimi,
şairin alnından öpdü Ələsgər.
Dedi şadlandırdın bu gün qəlbimi,
yaşamaz sənətkar yazmasa əgər.
Həyatda ilhamla yaz, yarat, oğlum,
yarış meydanıdır bu həyat, oğlum.
Qəlbində həmişə eşq odu ynasın.
Elə yaz həmişə el səni ansın.
O gecə öz evində
yaxşı şənlik düzəltdi
qonaqlara Ələsgər.
Mikayıl şad olardı
uzansaydı o məclis
günəş doğana qədər.
Təkcə Göyçə üçün yox,
bütün Azərbaycana
yaranmışdır yaraşıq.
hamının nəzərində
zirvələrə qalxırdı,
yüksəlirdi bu aşıq.
– Dostum Yaznalı üçün,
bu gün bir çalam, gərək.
Qocalıq dov gəlsə də,
gənc Müşfiqin könlünü
oxuyub alam, gərək.
Deyib aşıq Ələsgər
tutdu həvəslə yenə
mizrabı sol əlində.
İlhamı da dil açdı
sənətkar təzənəni
həvəslə gəzdirərkən
öz sazının telində:
«Can deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
Çor deməyin nəfi nədir dünyada
Abad könül yıxar, pərişan eylər.
Nakəs adam danışmaqnan saz oldu,
Kərəmdən kəm, səxavətdən az oldu.
Nütfdən qarışan şeytbaz oldu,
Mərd də sığışdırmaz, nahaq qan eylər.
Məzəmmət eyləmə mən binəvanı
Sahibi səltənət gövhərin kannı
Mənim sözüm öz yolundan çıxanı
İnşallah qaytarar düz insan eylər.
Mən istərəm alim, mömin yüz ola,
Meyli haqqa doğru, yolu düz ola.
Diliynən zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban eylər».
Çəkməyirdi aşıqdan
Mikayıl gözlərini,
çəkməyirdi bir an da.
Deyirdi ki, ölməzdir
Ələsgərtək dahilər
bizim xoşbəxt zamanda.
Lakin bu vaxt Müşfiqin
göz önundən getmirdi
Ələsgərin bu halı.
Qocalığı xəyalda
məzəmmət eylədikcə
Dəyişirdi əhvalı:
Nə ağzında diş qalır, nə başında tük,
Qoyur işığından gözü qocalıq.
Düşündükcə dərdin olur çox böyük,
Aparır dünyadan bizi qocalıq.
O, insan ömrünün xəzan çağıdır,
Yaşlılarla elə bil ki, yağıdır,
Fikri başdan alır, əqli dağıdır,
Vaxtından tez əyir dizi qocalıq.
Səni öz evində dustaq eyləyir,
Bəlkə də yenidən uşaq eyləyir,
Enişdən-yoxuşdan uzaq eyləyir,
Gəzməkçün axtarır düzü qocalıq.
Qəlbin gücdən düşür, sözün kəsərdən,
Düşünüb xəyala dalırsan hərdən,
Ən böyük dahidən, sərkərdələrdən
Qorxub çəkinməyir düzü, qocalıq.
Gözlərində eynək, əlində əsa,
Keçinə bilməzsən onlar olmasa.
Gəl batma kədərə, gəl batma yasa,
Onsuz da eşitmir sözü qocalıq.
Dəyişir insanın tamam görkəmi,
Qızlar baba deyir, gəlinlər əmi.
Nlə bil dolanır su üstə gəmi
Qoymur haqlayasan yüzü qocalıq.
Xoşbəxt gəncliyindən qalmayır əsər,
Vaxt olur başın da, əlin də əsər.
Sənə baş əymədi Aşıq Ələsgər,
Düşmədi sinədən sazı qocalıq.
Ömrünü xalq üçün yaşarsa insan,
Yaratmaq eşqilə coşarsa insan,
Ən böyük sədləri aşarsa insan,
O zaman qorxutmaz bizi qocalıq.
Söküldü dan yeri, açıldı səhər,
Oyandı yamaclar, oyandı düzlər.
Çıxdılar günəşin seyrinə onlar,
Göyçədə günəşin özgə hüsnü var.
Ələsgərdən ayrılıb
Müşfiq öz ürəyində
sanki atəş apardı.
Xəyalında şairi,
qəlbindəsə əbədi
sönməz günəş apardı.
EPİLOQ
Nurlanmışdı o ev ki,
onun damı altında
iki günəş durmuşdu.
Birisi qürub edən,
birisi doğan günəş.
Ədəbiyyat günəşi,
ədəbiyyat günəşi!
Şeirdən söz düşəndə
indi qoşa çəkilir
onların ölməz adı.
Göydə günəş batsa da
günəşlərim batmadı,
şairlərim parladı.
Hər ikisi iftixarım,
Hər ikisi öz günəşim!
hər ikisi ilk baharım,
hər ikisi söz günəşim!
1-11 fevral 1989
Yerevan
KİTABIN İÇİNDƏKİLƏR