(poema)
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çtçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Mikayıl Müşfiq.
PROLOQ
Sözlərini dinləyib
düşündüm gecə-gündüz,
düşündüm dərin-dərin.
Acısını daddım mən,
dünyada göz yumduğun
o dəhşətli illərin.
Xəyalıma ruh verib,
könlümə qida oldu
qanadlı şeirlərin.
Səni xatırlayarkən,
qəlbimdəki kədərim
Süzüldü gözlərimdən
yenə də damla-damla.
Xalqa məhəbbətini
ürəkdən vəsf etməkçün
əhd elədim ilhamla.
Nədən oldun dünyada
taleyi kəm, bəxti kəm?
Yazdığım bu misralar
olsun sənə, şairim,
ilk xatirəm, hədiyyəm.
İlhamı bir şəlalə,
ürəyi dağ, Müşfiqim.
Əsrlər də dolansa,
səni doğma xalqımız
Yaşadacaq, Müşfiqim.
Sənsən elin şairi,
sənsən elə nəğməkar.
Altmış beşdə doğulmuş
balaca Müşfiqim var.
Körpəmizə həyatda
mən Müşfiq demişəm ki,
Adın tez-tez çəkilsin.
Onun hər bir gülüşü
səni yad eyləyərkən
ürəyimi dağlayan
dərdi-kədəri silsin.
Deyirəm ki, yazdığım,
sənə layiq xatirə,
sənə layiq söz ola.
Yaratdığım bu nəğmə,
ürəklərə yol açan
cığır ola, iz ola.
***
On altı yaşlı Müşfiq,
Şeirin üfüqlərində
yeni qanad açırdı.
Parlaq bir ulduz kimi,
qaranlıqlar içindən
sönməz işıq saçırdı.
Ürəyinin qanıyla
tərənnüm eyləyirdi
doğma Azərbaycanı.
Kim bilirdi bu gəncin,
gələcəkdə sözləri
dolaşacaq hər yanı?
Şən Bakının qoynunda
boy atırdı şairim,
boy atırdı istedad.
Doğularkən oğluna
Mikayıl dedi ana.
Sonralar isə həyat,
şeirin vurğunu Müşfiq,
adı bəxş etdi ona.
***
Yenə Müşfiq evə döndü gülər-şən.
Dedilər məktub var sənə Gəncədən.
Açaraq oxudu o, məhəbbətlə,
gördü Lütvi yazıb xoş bir niyyətlə.
«Yaylağa köçürük, yol üstəyik biz.
Sənin həsrətinlə vurur qəlbimiz.
Göyçənin dağları gözləyir bizi.
Quraq bulaq üstə öz dəyəmizi.
Çəmənlər səfalı, bulaqlar sərin.
Doymazsan ətrindən əlvan güllərin.
Görüb tanış olaq biz o yerlə də,
gedib görüşərik Ələsgərlə də.
Atamın dostudur, yaxşı bil bunu.
Yaznalı çox sevir o eloğlunu.
Doyunca dinlərik onun sazını,
sevincdir eşitmək xoş avazını.
Bu qədər, qardaşım, öpürəm səni.
Heç vaxt tanımasın qüssə, qəm səni.»
Oxudu Müşfiqin qəlbi şad oldu.
Bu xəbər şairə qol-qanad oldu.
Düşündü aşığı, düşündü bu dəm.
Güldü gözlərində elə bil aləm.
Dedi: – doğrudanmı tutacağam mən,
Aşıq Ələsgərin bir gün əlindən.
Nə lazım gecikmək, vaxtı itirmək,
göyçəli aşığı mən görəm gərək.
Gəldi xəyalına odlu sözləri,
fərəhdən yaşardı qara gözləri.
Heç belə bir fürsət düşərmi ələ,
bükdü məktubunu tez gülə-gülə.
Mehriban Bakını çox dolaşdı o.
Yola düşmək üçün hazırlaşdı o.
Əlində laləni bayraq edərək,
bahar dağ döşünə düzəndə çiçək,
sevimli dostları çox andı Müşfiq,
Bakıdan Gəncəyə yollandı Müşfiq.
***
Çatdılar mənzilə bir səhər çağı,
burda çox sevirlər qərib qonağı.
Böyük Məzrə kəndi, Göyçə mahalı.
Dostu Bəxtiyarı tapdı Yaznalı.
Doğma qardaş kimi öpüşdü onlar.
Üz tutub qonağa dedi Bəxtiyar:
– Siz mənim qapıma xoş gəlibsiniz.
Qonaqsız olmasın bir gün evimiz.
Açıqdır süfrəmiz dostun üzünə.
Vurğunam, Yaznalı, şirin sözünə.
Qonaq, gələnləri təqdim eylədi.
Hamının adını bir-bir söylədi.
– Bu il çoxalmışdır oğlumun biri.
Bu gənc Mikayıldır, şeirin əsiri.
Oğlum Lütvi ilə qardaş olubdur,
and içib onunla sirdaş olubdur.
Bizimlə yaylağa gətirmişəm mən,
baxıb ilham alsın Göyçə elindən.
Müşfiqin əlini sıxıb Bəxtiyar,
Dedi ki, gözümün üstə yerin var.
Mənim də oğlumsan bu gündən belə.
Tale çox görməsin qoy səni elə.
Hazırlıq görüldü, quzu kəsildi.
Adam göndərdilər aşıq da gəldi.
Həmin gün o evdə toy-bayram oldu.
Əziz qonaqlara məclis quruldu.
Aşıq saz köklədi, dastan danışdı.
Sözləri ümman tək çağladı, daşdı.
Gah «Misri» üstündə səsləndi sazı.
Gah da «Kərəmi»ylə coşdu avazı.
«Gəraylı», «Cəlili», «Təcnis», «Müxəmməs».
Xalqın ürəyindən heç vaxt silinməz.
Könül açdı «Göyçə gözəlləməsi».
Xoşdur saz yanında balaban səsi.
«İrəvan çuxuru», «Orta sarıtel»,
Çox belə mahnılar yaratmış bu el.
Aşıq Ələsgərdən, Abbasdan dedi.
Gah zildən oxudu, gah pəsdən dedi.
Ürəklərdə sevinc, üzlərdə vüqar,
sevindi könüldən qoca Bəxtiyar.
Mahnı şirinləşdi, məclis uzandı,
hamının qəlbində bir şölə yandı.
Dedilər söhbətə bir ara verək.
Çay içib aşıq da dincəlsin gərək.
Qəlbində təlatüm, qəlbində ümman,
qalxaraq yerindən Mikayıl bu an:
– İzin ver, ay aşıq, izin ver mənə,
vurum təzənəni sazın telinə.
Basaraq sinəmə bir qədər onu,
Çalıb xatırlayım qoç Koroğlunu.
– Qurbandır saz sənə, al, – dedi, aşıq.
Hər nə istəyirsən çal,- dedi aşıq.
Saz tüğyan eylədi, saz dilə gəldi.
Gah bəmdə səsləndi, gah zilə gəldi.
Oxşadı qəlbləri el havaları,
sazda dilləndirdi əl, havaları.
Sonra da aşığa tutub üzünü,
dedi bu qoşmanı, ürək sözünü:
Çal ki, qəlbin dilə gəlsin, ay aşıq,
Mən əzəldən telli saza vurğunam.
Özün də gül, el də gülsün, ay aşıq,
Söhbətə vurğunam, sözə vurğunam.
Nə məğrurdur sizin elin dağları,
Könül açıl bağçaları, bağları,
Unudarmı insan bu xoş çağları?
Bahara vurğunam, yaza vurğunam.
Göyçə eli aşıqların vətəni,
Heyran edir bulaq məni, çay məni.
Ürəkdən sevirəm çölü, çəməni,
Yamaca vurğunam, düzə vurğunam.
Hamı alqış dedi odlar oğluna,
Mahnı vurğununa, bahar oğluna.
***
Gördülər yenə də tanış yaylağı.
Deyir mahnısını Sona bulağı.
Bəzəmiş dağları anamız bahar,
vardır ürəklərdə böyük iftixar.
Yaxşı bir yer seçib dəyə qurdular,
gah dağa qalxdılar, gah oturdular.
Lütvi Münəvvərə dei: – ay bacı,
qaçırma kəkliyi, qovma turacı.
Bildirçin, qırqovul, bir də torağay,
bəzəyir yaylağı hər gələndə yay.
Quşlar müğənnidir, dağlar bəstəkar.
Şirin nəğmələrdən deyin kim doyar?
Ay Müşfiq, tez soyun sən ayağını,
gəl gəzək beləcə el yaylağını.
Dolaşdı çəməni yenə Münəvvər,
nitqi olmadı ki, dinə Münəvvər.
Gah lalə topladı, gah da ki çiçək,
dedi, – ay Mikayıl, gəl bir su içək.
Buyur, qonaq edim səni yemliyə,
Əlvan çiçəklərdən yığmırsan niyə?
Qız hərdən üz qoydu bulaq başına,
sataşdı Müşfiqə, həm qardaşına.
Ürəkdən vuruldu şair dağlara.
Dedi cənnət varsa, buradır-bura.
Yamaclar oxşayır ana tək bizi.
Bu yaylaqdır, yoxsa şeir dənizi?
Maral dağın köksü aldır de nədən?
Bayrağı var sinəsində lalədən.
Düşmədi Müşfiqin əldən qələmi,
nəğmə yazsın çiçəyəmi, güləmi?
Söylədi ki, ey həyat,
sən ən böyük bəstəkar,
istedadlı şairsən.
Gözəlliklər önündə
gərək ki, heç bir zaman,
Susmayasan, şair, sən.
Bulaqlara, dağlara,
şimşəklərə, dumana,
gəl, sən ötərgi baxma.
Ələsgər vəsf etdiyi
aşıqlar diyarında,
hər nə gördün buraxma.
Dağ döşündən gedəndə qar,
baş qaldırar yaşıl otlar,
min naz ilə gülər bahar,
bu çəmənə, buy aza gəl.
Lalə, nərgiz üz-üzə,
gah yala çıx, gah düzə,
Keyti dağdan aş o üzə,
bu cığıra, bu izə gəl.
Nəğmə dinlə zaman-zaman,
hər ürəkdə yatır dastan.
İç sərin su, ye kababdan,
Bu ocağa, bu közə gəl.
Zirvəni seyr edərkən
dedi: – gərək dağlartək,
şair vüqarlı olsun.
Çəmənləri gəzərkən
xəyalından keçdi ki,
insanlar da həyatda
qoy, etibarlı olsun.
Gəzib yaşıl dərəni,
çölü, çəməni gördü.
Dolaşdığı yerləri
ilhamın fırçasıyla
o, qəlbinə köçürdü.
Əks etdirdi üzündə
dağların vüqarını.
Sevdi Göyçə elinin
ətirli baharını.
Dayanıb heyran-heyran
Sarınərə baxdı o.
Elə bil fərəhindən
quş tək uçacaqdı o.
Seyrə çıxıb Göydöşü,
qonaq qaldı Çaldağda.
Durub xəyala daldı
bir qədər Keçəl dağda.
Nəzərindən qaçmadı
yenə məğrur Şişqaya.
Bəlkə yarıb səmanı
çatacaqdır o, Aya?
Kim ilham almayıbdır
gur Pəri bulağından?
Çağlayaraq illərlə
nəğmə demiş hər zaman.
Sanki Telli bulağı
o, qəlbində apardı.
Dostlar, görün bu yerdə
nə qədər çeşmə vardır.
Dəstə tutdu dağların
çiçəyindən, gülündən.
Bulaqlara dediyi
sözlər axdı dilindən:
Qayaların köksündən də çağlayar,
İnsanların qardaşıdır bulaqlar.
Ötənləri mehman edib saxlayar,
Yolçuların sirdaşıdır bulaqlar.
Suyu safdır sevənlərin qəlbitək.
O həyatdır, bir də doldur ver içək.
Dörd yanını bəzəmişdir gül-çiçək,
Dərələrdə yanaşıdır bulaqlar.
Elə bil ki, dünya ilə əhdi var,
Qucağında ötər kaman, dinər tar,
Həyatda hamını bərabər tutar
Arifmidir, ya naşıdır bulaqlar?
Bir qocayla görüşəndə
qulaq asdı söhbətinə.
Bir uşağa rast gələndə
danışırdı dönə-dönə.
vəsf elədi bu diyarı
o, ilhamla axşam-səhər.
Xəyalında əziz Bakı,
xəyalında düşüncələr.
Baxıb dedi nə mavidir
Büllur sulu Göyçə gölü.
Tarixlərin yadigarı,
cavan, ulu Göyçə gölü.
Çox dinlədi dalğaları
dolaşarkən sahilləri.
Xəyalında əks olundu
onun məşhur «Göyçə» şeiri:
«Göyçə ey gənc Göyçə, ixtiyar Göyçə.
Sən ey bədbəxt Göyçə, bəxtiyar Göyçə.
Bir görmüşdüm səni, bir də görürəm,
Sanki üyüqləri yerdə görürəm.
Mən hələ möhtəşəm maviliklərin
Könüllərdən dərin, sulardan dərin
Ruhunun tək qalan pərəstişkarı,
Mərd deyil sındıran əski-ilqarı,
Göyçə, ey gənc Göyçə, ixtiyar Göyçə,
Sən ey bədbəxt Göyçə, bəxtiyar Göyçə.
Göyçə, camalına çoxları baxmış,
baxarkən çoxunun ürəyi axmış.
Nə çoxdur göllərdə qalmış olanlar,
Qoynunda təsəlli tapmış olanlar.»
Bahar vaxtı gəzmisənmi
qoynu yaşıl Sarı yeri.
Şorcalardan adlayaraq
yaylaqlara sarı yeri.
Çalmalının ətəyindən
bir yol gedir Kəlbəcərə.
Onun ilə getsən əgər,
səni alar öz qoynuna
gör neçə dağ, neçə dərə.
Çox ürəyi sərinlətmiş
illər boyu Soyuq bulaq.
Qalxsan əgər Üçdaşlara
görsənəcək yaxın-uzaq.
Ala göllər, telli suyu,
Xoruz qaya, Tik piləkən.
Gah Çuxurda lalə topla,
gah yemlik yığ vaxt var ikən.
Bircə dəfə çıxmısanmı
səhər erkən Ağ yoxuşu?
Axı səni bir zirvəyə
çatdıracaq dağ yoxuşu.
Qərinələr yola salmış
şah vüqarlı İnəkdağı.
Zirvəsinə qalxsan əgər,
deməzsən ki, enək dağı.
Səf-səf durmuş Qatar qaya,
Tərsədədir bəlkə izim?
İstərəm ki, səyyah kimi
bu yerləri gəzim-gəzim.
Günəş şəfəqlərini
sərərkən yamacların
çiçəkli sinəsinə.
Yaylağın sakinləri
şehli çəmənlikləri
durub gəzdilər yenə.
Udub dağ havasından
qızaran üfüqləri,
seyrə daldı Yaznalı.
Sonra isə dönərək
şeir yazan Müşfiqə
nəzər saldı Yaznalı.
– Ay Mikayıl, qulaq as,
oğlum, eşit bir məni.
Deyiləsi sözüm var.
Səfərə çıxmalıyıq.
Odur, tapşırığmla
yəhərlənmişdir atlar.
Bu gün biz Ələsgəri
görməyə getməliyik.
Aşıqlar ustadını
ziyarət etməliyik.
Elə bil ki, dünyanı
şeirin pərəstişkarı
Müşfiqə bəxş etdilər.
Dayananlar şairdən,
söylədiyi belə bir
qoşmanı eşitdilər:
İllər boyu Məkkə bilim andığım,
Görmək həsrətilə alovlandığım,
Sözünü sənətdə ulduz sandığım
Böyük nəğməkara çatdırın məni.
Kaş bircə əllərim əlinə dəyə,
Mizrabı sazının telinə dəyə,
Dayanıb önündə bir baş əyməyə,
Dahi sənətkara çatdırın məni.
Gül açmış yenə də neçə dağ-dərə,
Doymaz könül əgər baxsan min kərə,
Aşıqlar sultanı ol Ələsgərə,
şeirdə Qoşqara çatdırın məni.
Getdilər el oğlunun,
getdilər hüzuruna.
Getdilər ki, görüşüb
səcdə qılsınlar ona.
Üz qoydu gənc şairim,
üz qoydu Ağkilsəyə.
Arxada qaldı bu an
doğma, alasçıq, dəyə.
***
İçəri girərkən gördülər onu,
Odlar ölkəsinin dahi oğlunu.
Bir əsrin dizini yerə vurubdur.
Elə bil nər oğlu, nər oturubdur.
Yüzü adlamışdır aşığın yaşı,
ağarmış saqqalı, ağarmış başı.
Çoxalmış alnının qırışıqları,
onu ustad bilir el aşıqları.
Dostu Yaznalını tanıyan zaman
tez qalxdı yerindən nurani insan.
Gülərək əl verdi Ələsgər ona.
Sonrasa dostunu basdı bağrına.
Öpüşdü qocalar doğma qardaştək.
Aşıq qonaqlara yer göstərərək,
sevindi ürəkdən, güldü ürəkdən:
– Gör kimi görürəm öz evimdə mən.
Xoş gördük, xoş gördük, əzizim, sizi.
Çoxdan gözləyirdim gəlişinizi.
Yerində donmuşdu Müşfiq elə bil.
Dedi bu röyadır, həqiqət deyil.
Tez gördü divardan asılmış sazı.
Demək illər boyu o, çalmış sazı.
Yaznalı söylədi ey böyük ustad,
sizsiniz Göyçədə fitri istedad.
Gördüyün bu gəncin Müşfiqdir adı.
Vardır bacarığı, vardır savadı.
Özü bakılıdır, qonaqdır bizdə.
Böyük hörməti var ailəmizdə.
Onu oğulluğa götürmüşəm mən.
Ürəyim doymayır şeirlərindən.
Qəlbi alovludur coşaraq yazır.
Gecəni gündüzə qoşaraq yazır.
Yazır yorulmadan, yazır durmadan,
ona şairliyi bəxş etmiş zaman.
Hamıdan çox sevir həyatda sizi.
Günəş adlandırır sənətinizi.
Bir çox qoşmanızı bilir əzbərdən.
Qəlbini boşaldır özü də hərdən.
Ələsgər yeridi Müşfiqə sarı,
həyat görüşdürdü sənətkarları.
İstədi Mikayıl baş əysin ona,
aşıq üz tutaraq cavan oğlana:
– Əyilmə dünyada, əyilmə, oğlum,
Çaylar da dayanar, şair əyilməz.
Ağır vuruşmalarda, çarpışmalarda
Ordular basılar, şair əyilməz.
Səsləndi yenə də qəlbimin simi.
Gəldi göz önümə böyük Nəsimi.
Sözündən dönmədi qəhrəman kimi.
Öləndə saralar, şair əyilməz.
Şair olmaq yenilməzlik deməkdir,
Şairi yaşadan odlu ürəkdir.
Nizami, Füzuli ölməyəcəkdir,
Günəş də tutular, şair əyilməz.
Aşığın qonağa çox hörməti var.
Döşəkcə üstündə oturdu onlar,
Kabab da çəkildi gələnlər üçün.
Sevindi ürəkdən Ələsgər o gün.
Elə bil qartallar durdu üz-üzə.
Ələsgər astadan başladı sözə:
– Həyatda ir dəfə doğulur insan.
Hər kəs ilham alsın yaratdığından.
Ömrümüz-günümüz getməsin bada
Bəşər şöhrətiyik biz bu dünyada.
Heç vaxt unutmasın bu ellər bizi
hörmətlə yad etsin nəsillər bizi.
– Yaranan əsərlər, deyilən sözlər,
xalqın sərvətidir, xalqın varıdır.
Aşıqlar yaradan bu incilər də
ellərin istəyi, arzularıdır.
Bizim fəxr etməyə çox dahimiz var.
Ölməz həqiqəti yazan sənətkar.
Mikayıl söylədi əfv edin ustad,
Qəlbimdə bir neçə söz hədiyyəm var.
Mən sizi şeirlə eyləmişəm yad,
öz arzum, öz yolum, öz hədiyyəm var:
Könlündə ilhamı aşıb-daşanda,
Xəyalı dağlarla qucaqlaşanda,
Yaylaqlar dolanıb, sədlər aşanda,
Say çalıb, söz deyib çağlayan aşıq.
Hər sözün mənalı, hər sözün dərin,
Canlı şeiriyyətdir könül dəftərin.
Fəxrisən yurdumun, azad ellərin,
Xalqla ülfətini saxlayan aşıq.
Sən ki, el oğlusan, elə vurğunsan,
Bahar aşiqisən, gülə vurğunsan.
Sazında səslənən telə vurğunsan,
Qəlbini qəlblərə bağlayan aşıq.
Müşfiq sözlərini qurtaran kimi,
şairin alnından öpdü Ələsgər.
Dedi şadlandırdın bu gün qəlbimi,
yaşamaz sənətkar yazmasa əgər.
Həyatda ilhamla yaz, yarat, oğlum,
yarış meydanıdır bu həyat, oğlum.
Qəlbində həmişə eşq odu ynasın.
Elə yaz həmişə el səni ansın.
O gecə öz evində
yaxşı şənlik düzəltdi
qonaqlara Ələsgər.
Mikayıl şad olardı
uzansaydı o məclis
günəş doğana qədər.
Təkcə Göyçə üçün yox,
bütün Azərbaycana
yaranmışdır yaraşıq.
hamının nəzərində
zirvələrə qalxırdı,
yüksəlirdi bu aşıq.
– Dostum Yaznalı üçün,
bu gün bir çalam, gərək.
Qocalıq dov gəlsə də,
gənc Müşfiqin könlünü
oxuyub alam, gərək.
Deyib aşıq Ələsgər
tutdu həvəslə yenə
mizrabı sol əlində.
İlhamı da dil açdı
sənətkar təzənəni
həvəslə gəzdirərkən
öz sazının telində:
«Can deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
Çor deməyin nəfi nədir dünyada
Abad könül yıxar, pərişan eylər.
Nakəs adam danışmaqnan saz oldu,
Kərəmdən kəm, səxavətdən az oldu.
Nütfdən qarışan şeytbaz oldu,
Mərd də sığışdırmaz, nahaq qan eylər.
Məzəmmət eyləmə mən binəvanı
Sahibi səltənət gövhərin kannı
Mənim sözüm öz yolundan çıxanı
İnşallah qaytarar düz insan eylər.
Mən istərəm alim, mömin yüz ola,
Meyli haqqa doğru, yolu düz ola.
Diliynən zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban eylər».
Çəkməyirdi aşıqdan
Mikayıl gözlərini,
çəkməyirdi bir an da.
Deyirdi ki, ölməzdir
Ələsgərtək dahilər
bizim xoşbəxt zamanda.
Lakin bu vaxt Müşfiqin
göz önundən getmirdi
Ələsgərin bu halı.
Qocalığı xəyalda
məzəmmət eylədikcə
Dəyişirdi əhvalı:
Nə ağzında diş qalır, nə başında tük,
Qoyur işığından gözü qocalıq.
Düşündükcə dərdin olur çox böyük,
Aparır dünyadan bizi qocalıq.
O, insan ömrünün xəzan çağıdır,
Yaşlılarla elə bil ki, yağıdır,
Fikri başdan alır, əqli dağıdır,
Vaxtından tez əyir dizi qocalıq.
Səni öz evində dustaq eyləyir,
Bəlkə də yenidən uşaq eyləyir,
Enişdən-yoxuşdan uzaq eyləyir,
Gəzməkçün axtarır düzü qocalıq.
Qəlbin gücdən düşür, sözün kəsərdən,
Düşünüb xəyala dalırsan hərdən,
Ən böyük dahidən, sərkərdələrdən
Qorxub çəkinməyir düzü, qocalıq.
Gözlərində eynək, əlində əsa,
Keçinə bilməzsən onlar olmasa.
Gəl batma kədərə, gəl batma yasa,
Onsuz da eşitmir sözü qocalıq.
Dəyişir insanın tamam görkəmi,
Qızlar baba deyir, gəlinlər əmi.
Nlə bil dolanır su üstə gəmi
Qoymur haqlayasan yüzü qocalıq.
Xoşbəxt gəncliyindən qalmayır əsər,
Vaxt olur başın da, əlin də əsər.
Sənə baş əymədi Aşıq Ələsgər,
Düşmədi sinədən sazı qocalıq.
Ömrünü xalq üçün yaşarsa insan,
Yaratmaq eşqilə coşarsa insan,
Ən böyük sədləri aşarsa insan,
O zaman qorxutmaz bizi qocalıq.
Söküldü dan yeri, açıldı səhər,
Oyandı yamaclar, oyandı düzlər.
Çıxdılar günəşin seyrinə onlar,
Göyçədə günəşin özgə hüsnü var.
Ələsgərdən ayrılıb
Müşfiq öz ürəyində
sanki atəş apardı.
Xəyalında şairi,
qəlbindəsə əbədi
sönməz günəş apardı.
EPİLOQ
Nurlanmışdı o ev ki,
onun damı altında
iki günəş durmuşdu.
Birisi qürub edən,
birisi doğan günəş.
Ədəbiyyat günəşi,
ədəbiyyat günəşi!
Şeirdən söz düşəndə
indi qoşa çəkilir
onların ölməz adı.
Göydə günəş batsa da
günəşlərim batmadı,
şairlərim parladı.
Hər ikisi iftixarım,
Hər ikisi öz günəşim!
hər ikisi ilk baharım,
hər ikisi söz günəşim!
1-11 fevral 1989
Yerevan