İlahi

Hardan çıxdın qarşıma sən, ay gözəl?
Bu nə sevda, nə sevgidi, İlahi!
Nələr duydum mən üzündən, ay gözəl,
Bu nə sevda, nə sevgidi, İlahi!

Məhəbbət qocalmır, qocalmır inan,
Ürəkləri isindirir hər zaman,
Necə söz salmayım baxışlarından,
Bu nə sevda, nə sevgidi, İlahi.

Dözmək olmur gözlərinin sehrinə,
O gözlərin ovsunu nə, sehri nə?
Nəğmə yazım, dastan qoşum mən sənə,
Bu nə sevda, nə sevgidi, İlahi.

Bir ümmandı nələr yatır gözündə?
Baş vuranlar itib-batır gözündə,
Vüsalına kimlər çatır gözündə?
Bu nə sevda, nə sevgidi, İlahi.

Sevən ürək baxmır sözə, bilirsən,
Aşiq gərək buna dözə, bilirsən,
Əli Vəkil gərək yaza, bilirsən,
Bu nə sevda, nə sevgidi, İlahi.

22 may 2002