Kim köçəcək, sabah kimlər doğulacaq, sirdi bu,
İlahidən mükafatım nə olacaq, sirdi bu.
Dünya fani, eşitməyir insanların sözünü,
Köçəcəyəm, məndən sonra nə qalacaq, sirdi bu.
Odlar yurdu, sənə nəğmə borcum vardır, unutma,
Hansı sözüm ürəklərə od salacaq, sirdi bu.
Gül ömrünə bənzəri var ömrümüzün dünyada,
Kimlər gültək tez açılıb, tez solacaq, sirdi bu.
Həyatımız saza bənzər, kökləyirik özümüz,
«Kərəmi»ni, «Dilqəmi»ni kim çalacaq, sirdi bu.
Gəlir, gedir yer üzünə sevilənlər, sevənlər,
Kəşfi ilə kim cahana səs salacaq, sirdi bu.
Bu kainat dəyirmandı, yer övladı dəndi, dən,
Əli Vəkil, bu sirləri kim bulacaq, sirdi bu.
24 mart 2003