Uçub gəldin göyün yeddi qatından,
Sənsən şairlərin ilham pərisi.
Saldırarsan çox atlını atından,
Sənsən şairlərin ilham pərisi.
Saçlarının rayihəsi, ətri nə?
Qərq edirsən aşiqi gül ətrinə.
Bilirəm ki, dəyən olmaz xətrinə,
Sənsən şairlərin ilham pərisi.
Hər mətləbi işarədən qanansa,
Söz anlayan, eşq oduna yanansan,
Həm dəlisən, həm ağıllı canansan,
Sənsən şairlərin ilham pərisi.
Tapılarmı yer üzündə eləsi?
Olmasın o, bu sevdanın köləsi,
Mələklərdən eşidirəm bu səsi,
Sənsən şairlərin ilham pərisi.
Odla suyun arasında qalmışam,
Həsrətinlə xəyallara dalmışam,
İlhamımı gözlərindən almışam,
Sənsən şairlərin ilham pərisi.
Olan olub, keçən keçib, neyləmək,
Könül verib seçən seçib, neyləmək,
Gələn gəlib, köçən köçüb, neyləmək?
Sənsən şairlərin ilham pərisi.
Doymaq olmur söhbətindən, sözündən,
Şimşək çaxır, məna yağır gözündən,
Kədər də heç əl çəkməyir üzündən,
Sənsən şairlərin ilham pərisi.
24 oktyabr 2001