İlin borcu

Yaşadıq günləri, il yetdi sonna,
Nə verdik Vətənə, nə verdik ilə?
Kimlərsə yetişdi şöhrətə, şana,
Haqq-hesab apardım ürəyim ilə.

İlin yolçuudu insan övladı,
Qoy bilsin qədrini ötən anların.
Nəylə anılacaq tarixdə adı?
Yoxsa nişanəsi ötən anların?

Xoş gəldin, deyirik hər təzə ilə,
Günlər, aylar ömür yolu, həyatı.
İtirsək anları biz billə-bilə,
Aldatmış olarıq bu kainatı.

İllərin töyfəsi – saçımızda dən,
Şeirimdə tarixlər ildən qalan iz.
Fəqət kövrəlirik bilmirəm nədən?
Yola salmayağın ili bəhrəsiz.

Taixə çevrildi iki min iki,
Yadıma salıram hər bir gününü.
Alovlu hisslərdir ürəyimdəki,
Getmir qulağımdan harayı, ünü.

Nə yazdım Vətənin dərdi-sərindən?
Göyçəsiz yarandı «Göyçənin fəxri».
Həsrət dilə gəlir sətirlərindən,
Yeni bir dastandı «Göyçənin fəxri».

Yazdım yana-yana «Çal, ay ustad»ı,
Ölkələr dinlədi efirdən onu.
Ramizin çalğısı öldürdü yadı,
Ellər alqışladı Odlar oğlunu.

«Şimalda yazılan nəğmələr» gözəl,
Misralarda çırpınmaqda ürəyim.
Gör nələr əfsanə, gör nələr gözəl,
Orda yurdu hey anmaqda ürəyim.

Bilin, borcumuz var hər gələn ilə,
Hesabat gərəkdi il köç edəndə.
Nə xeyir vermişik Vətənə, elə,
Haqqım yox fəxr edim, öyünüm mən də.

Gərək unutmayaq heç zaman bunu,
Borcunu ödəsin borclu insanlar.
İnamla söyləyək hər ilin sonu,
Hər şeyi itirir borclu qalanlar.

Ürəyimdə deyiləsi sözüm çox,
Tanrım kömək olsun, dönsün nəğməyə.
Heç kəsdən xahişim, umacağım yox,
Qarabağsız əl açıram mən göyə.

Nə yaxşı hər işi vaxtında gördüm,
Nə yaxşı düşmədi qələm əlimdən.
Şuşasız, Ağdamsız bir ömür sürdüm,
Sənə güvənirəm, sənə elim mən.

Bitirdim «Ellərin İsgəndəri»ni,
Nə yaxşı mən ona borclu qalmadım.
Köç edib heç kimsə verməz yerini,
Ay qağa, ruhuna borclu qalmadım.

Deyirəm ki, ayrılanda il-ildən
Peşian olmayaq, baxıb dalınca.
Umaq payımızı aydan, fəsildən,
Fəxr eləyək yaddan qisas alınca!

31 dekabr 2002