İlk görüş

Yolunu həsrətlə gözlədim, gülüm,
Yaman kövrələrmiş tək qalan insan.
Ayrılıq çəkəndə titrəyir dilim,
Ayrılıq qəlbimi sızladır yaman.

Astadan qar yağır bu gün Bakıya,
Bəlkə alqışlayır görüşümüzü?
İstərəm car çəkəm bütün Bakıya,
Deyəm ki, bir görüş gözləyir bizi.

Bəs niyə gəlmədin, görünmədin sən,
Vaxtsa gecikmədi, vaxt gəlib çatdı.
Nə oldu bilmirəm, döndün sözündən?
İlk görüş gününü zaman yaşatdı.

Vaxta bənzəyəydin sədaqətində,
Zaman gecikməyir, zaman yolçudur.
Qəlbimi coşduran məhəbbətində
Bu haman sevdadır, haman yolçudur.

Mən ilham alıram o ala gözdən,
Qoy həsrət dağlasın ürəyimizi.
Gəlmədin, qəlbimə qar yağdı dizdən,
Şaxta soldurmasın diləyimizi.

Keçir ürəyimdən sən gələn yollar,
Sevən də qorxarmı qardan, yağışdan?
Ortada olanda sevgi, etibar,
Gülər sevənlərin gözlərində dan!

9 fevral 1985