İlk məhəbbət şeiri

Haçandan bir şeir itirmişəm mən,
İlk qələm təcrübəm, məhəbbət şeiri.
Ayrıla bilmirəm itən şeirimdən,
Ürək çırpıntısı – sədaqət şeiri.

Şeirimlə itibdir ilk məhəbbətim,
Nə şeiri tapıram, nə də o qızı.
Görəsən hardadır bəs səadətim?
Unuda bilmirəm o insafsızı.

O itən şeirimi hey axtarıram,
Ona həsr elədim, o qıza verdim.
Yaman narahatam, dincliyim haram,
Bilsəydim köçürər, əzbərləyərdim.

Qız da şairim ilə çıxıbdır yoxa,
Nədənsə birlikdə onlar qeyb olub.
Qalmışam yollara mən baxa-baxa,
Ürəyim qəmlənib, gözlərim dolub.

Qızın da, şeirin də həsrətindəyəm,
Hər an soraqaram, tapılmır niyə?
Yamanca sarsıdır ürəyimi qəm,
Yoxsa quş olublar, uçublar göyə?

Hərdən öz-özümə fikrə dalıram,
Görən tapacağam onları bir də?
Xəyalən göylərdə qanad çalıram,
İzləri qalıbdır xatirələrdə.

Möcüzə baş verdi, bu gün möcüzə,
İşdə məşğul idim, fikirli, dalğın.
– Hardansa, kimdirsə zəng vurub sizə,
Xahiş eləyirəm dəstəyi alın.

– Narahat elədim, üzr istəyirəm,
Qərara gəldim ki, zəng edim sizə.
Elə zənn edirəm, yəqin deyirəm,
Sahib duracaqsız ilk şeirinizə.

Yox, siz görməmisiniz heç yerdə məni,
Əzbər eləmişəm hər şeirinizi.
Deyin, harda verim bu «hədiyyə»ni,
Rəfiqəm günahkar bilməsin bizi?

– Buyurun, göz üstə, buradayam mən,
Yəqin tanıyırsız iş yerimi siz.
– Yarım saatadək gələrəm hökmən,
Çalışın heç yerə getməyəsiniz.

Gəldi naməlum qız, gəldi bir azdan,
Şeirimi kim aldı, gör kim gətirhdi.
Gözəldi, incədi bu qız o qızdan,
Sevdiyim şeirimi özümə verdi.

– Siz sevən o gözəl nişanlanıbdır,
Birgə oxumuşam onun ilə mən,
Oğlanı eşqinin şahı sanıbdır,
Bu gün xilas etdim fikirdən.

– Məni bağışlayın, bir xahişim var,
Bəlkə köçürəydim şeirin üzünü?
Qoy qalsın bu nəğmə sizdən yadigar,
Sevib əzizləyim ömrüm uzunu.

– Sağ olun, tək sizə minnətdaram mən,
Viranə könlümdə gül bitirdiniz.
İtən məhəbbətdən, itən şeirimdən
Sorağı ilk dəfə siz gətirdiniz.

Verin özüm yazım dəftərinizə,
Şeirim bu ünvandan geri dönməsin.
Bu nəğmə ürəkdən töhfədir sizə,
Onda məhəbbətin odu sönməsin.

– İcazə veriniz vaxtım olanda
Yenidən narahat eyləyim sizi.
Dərsi qurtaranda, fikrə dalanda
Doyunca dinləyim hər nəğmənizi.

Möcüzə baş verdi, o gün möcüzə,
İtmiş məhəbbəti tapdım yenidən.
Yazıldı o şeir, yazıldı təzə,
Min telə bağlandım bu dünyaya mən.

Peredelkino
28 sentyabr 1983