İnəkdağı

İnəkdağı yenə gördüm hüsnünü,
Qoy dincəlim bir sinəndə doyunca.
Neçə vaxtdır arzuladım bu günü,
Heç düşərmi ələ fürsət de bunca.
Qoy dincəlim bir sinəndə doyunca.

Min nəğmə dinlədim bu yerlərdə mən,
Quzu da otardım yaşıl güneydə.
Könlümü oxşayıb alardı həmən
Çobanın həvəslə çaldığı ney də.
Quzu da otardım yaşıl güneydə.

Ruhumu oxşardı quşların səsi,
Nə qədər dinləsəm doymazdım yenə.
Bulaq şırıltısı, çay zümzüməsi
Min sevinc, səadət verərdi mənə.
Nə qədər dinləsəm doymazdım yenə.

Sinəndə boynunu bükür bənövşə,
Yoxsa ki, o səndən inciyib, a dağ?
Gün keçir, tellərin tökür bənövşə,
De kimdir həyatda daimi qonaq.
Yoxsa ki, bənövşə inciyib, a dağ?

Bir zaman donunu geyirsən dümağ,
Qoynunda başlanan həyat lal olur.
Elə bil yuxuya dalır hər oymaq,
Səndə başqa hikmət, başqa hal olur.
Qoynunda bir qədər həyat lal olur.