İnam

İnamla, həsrətlə gözlədim səni,
Nə yaman gecikdin, nə yaman, axı?
Xəyalən axtardım, izlədim səni,
Nədir ürəyimin, nədir günahı?

Yaşadım eşqinlə, həsrətinlə mən,
Bilirdim haçansa qayıdacaqsan.
Hər yanda söz açdım sədaqətindən,
Bizimlə gizlənpaç oynadı zaman.

Bilirdim, bilirdim qayıdacaqsan,
Qol-qanad verirdi bu inam mənə.
Dözülməz olsa da ayrılıq, hicran,
Ümid bəsləyirdim məhəbbətinə.

Durmuşuq səninlə indi üz-üzə,
İnana bilmirəm bu həqiqətə.
Ehtiyac varmıdır söhbətə, sözə,
Birlikdə dözmüşük biz bu möhnətə.

Yaxşı ki, gəlmisən, gec də olsa sən,
Xəyalən keçmişə gəl dönək indi.
Qəlbimdən heç yana getməyəcəksən,
İlk eşqin oduna isinək indi!

1 avqust 1999