İnanan daşa dönsün

(zarafatyana)

OĞLAN: – Dedim: – Qışda evlənək,
Dedin toy yaza qalsın.
Həzin-həzin dil açmaq
Kamana, saza qalsın.
Gəlibdir yaz, sevgilim,
Eyləmə naz, sevgilim!

QIZ: – Eşqində olsan mətin,
Gül açar məhəbbətin.
Bir az dözsən söhnətə,
Yetərsən səadətə.
Səbr et, qoy yaz ötüşsün,
Yay gözəldir toy üçün!

OĞLAN: – Yay gözəldir toy üçün?
Bir səs gəlir qəfildən
İnanan daşa dönsün»
İnanan daşa dönsün!

Bu nə sevda, nə işdi,
Yay da gəlib yetişdi.
Əridim gilə-gilə,
Niyə susubsan belə?
Gəl unutma sözünü,
Hər an görüm üzünü.

QIZ: – Çox istidir havalar,
Yaydan sonra payız var!
Sevgidən az söyləyib,
Sevgidən az deyiblər!
Tələsənin dünyada
Oğlu olmaz, deyiblər!
Yolda qalmasın gözün,
Çatar gözlədiyin gün!

OĞLAN: – Çatar gözlədiyim gün?
Bir səs gəlir qəfildən:
İnanan daşa dönsün,
İnanan daşa dönsün!

Uçub getdi payız da,
Sona yetdi payız da.
Toydan yoxdur səs-soraq,
Yenə susursan ancaq.
Səbrim tükənib,gülüm,
Düz deyirəm bunu mən!
Eşqin ilə bu günün
Fərhadı, Məcnunu mən!

QIZ: – Qaça-qaç deyildir ha?
Ümidlə bax sabaha.
Dolanıb gələr bahar,
Yenə yay var, payız var.
Demə o gün uzaqdı,
Bu da bir növ sınaqdı.
Gələr gözlədiyin gün,
Başlanar bir toy-düyün!

OĞLAN: – Başlanacaq toy-düyün?
Bir səs gəlir qəfildən:
İnanan daşa dönsün,
İnanan daşa dönsün!

Son