İnanmışdım

Sədaqətli yarım sanıb
İnanmışdım əhdinə mən.
Gecə-gündüz oda yanıb,
İnanmışdım əhdinə mən.

Axtarırdı gözüm səni,
Düşündürsün sözüm səni,
İndi harda gəzim səni?
İnanmışdım əhdinə mən.

Dərdə dözən ürəkdi, bil,
Qüssəli, şən ürəkdi, bil,
Məhəbbətin gərəkdi, bil,
İnanmışdım əhdinə mən.

Dedim gəl verək əl-ələ,
Qoy eşqimiz düşsün dilə,
Yaşamalı gün var hələ,
İnanmışdım əhdinə mən.

Sən unutdun öz sözünü,
Düz ilqarı, düz sözünü,
Əli Vəkil, yaz sözünü,
İnanmışdım əhdinə mən.

15 yanvar 2002