İnciməz-inciməz

(mahnı)

Bağçamızdan dər, sevgilim,
Güllər inciməz-inciməz.
Çiçək təzə-tər, sevgilim,
Əllər inciməz-inciməz.

Nərgiz üzək, lalə dərək,
Qərənfildən çələng hörək,
Çəmənləri bir də görək,
Çöllə inciməz-inciməz.

Heyran edir gülün şehi,
Mirvaridir gülün şehi,
Sığal çəksə səhər mehi,
Tellər inciməz-inciməz.

Ləyaqətli övlad olsaq,
Düşmənlərdən qisas alsaq,
Bax, beləcə yaşa dolsaq,
İllər inciməz-inciməz.

Sev, əzizlə güllərini,
Qoy bəzəsin tellərini,
Daradıqca tellərini,
Yellər inciməz-inciməz.