İnşallah

(mahnı-duet)

İlk eşqimiz gül açacaq,
Hər yana ətir saçacaq,
Hicran bizdən gen qaçacaq,
Şamlar yanar inşallah,
El şadlanar inşallah.

Dünyanın düzü, dağı var,
Sevən qəlbin çırağı var,
Məhəbbətin sınağı var,
Tablaşarıq inşallah,
Cüt yaşarıq, inşallah.

İlqarımız düşər dilə,
Qanad açar eldən-elə,
Qarşıda günlər var hələ,
Şənlənərik inşallah,
Bir dinərik, inşallah.

Sevgi varsa biz də varıq,
Səfərlərdən yorulmarıq,
Geyinərik dəmir çarıq,
Dağ aşarıq inşallah,
Söz qoşarıq, inşallah.

Dilə gəlsin qoy «Vağzalı»,
Kim istəməz toy, «Vağzalı»,
Nə şirinsən, ay «Vağzalı»,
Səs salacaq, inşallah,
Toy olacaq, inşallah.

10 aprel 1998