İsindir

Söz yaraşır sənin gül camalına,
Bir qəlbi isindir eşqin oduyla.
Süd verib döşündən bəxtəvər ana,
Bir qəlbi isindir eşqin oduyla.

Kimsə atsın qoy təkliyin daşını,
Sevən gəncin bahar eylə qışını,
Könül verib qatmalısan başını,
Bir qəlbi isindir eşqin oduyla.

Səndə olan sədaqətə heyranıq,
Təmiz eşqə, məhəbbətə heyranıq,
Xoş arzuya, xoş niyyətə heyranıq,
Bir qəlbi isindir eşqin oduyla.

Sən hamıdan mehribansan, mehriban,
Görən aşiq unutmayır bircə an,
Ünvan seçi bol orada, ol mehman,
Bir qəlbi isindir eşqin oduyla.

Dərməmisən məhəbbətin barını,
Səhv eləmə seçəndə öz yarını,
Yaxşı qoru ismətini, arını,
Bir qəlbi isindir eşqin oduyla.

Saf ürəkdə sənin isti yerin var,
Bəlkə elə çoxlu dərdi-səri var,
Sevənlərin məskənində bu diyar,
Bir qəlbi isindir eşqin oduyla.

Əli Vəkil, çoxdan qələm çalandı,
Düzlükdən savayı hər şey yalandı,
Ülvi sevgi yaddaşlarda qalandı,
Bir qəlbi isindir eşqin oduyla.

14 iyul 2002