Oyanaraq ərk ilə mən
Səhərdən şeir istədim.
Çox borcluyam bu elə mən,
Səhərdən şeir istədim.
Şirin olur səhər payı,
Təzə-tər nəğmələr payı,
Daha nələr, nələr payı,
Səhərdən şeir istərəm.
Hər ayın, günün ünvanı,
Ürək sözünün ünvanı,
Nəğmə yaşadır insanı,
Səhərdən şeir istərəm.
Qoruyaq torpağı gərək,
Məhv edilsin yağı gərək,
Ağı yazım, ağı, gərək,
Səhərdən şeir istərəm.
Yaşayırıq Qarabağsız,
İl sayırıq Qarabağsız,
Söz yayırıq Qarabağsız,
Səhərdən şeir istərəm.
Kədər yüklüdür ürəyim,
Gözümdə qalıb diləyim,
Bükülməz dizim, biləyim,
Səhərdən şeir istərəm.
Əli Vəkil, bil yerini,
Hazırla «Zəfər» şeirini,
Gözlə o xoş səhərini,
Səhərdən şeir istədim.
30 avqust 2000