İtburnu

Babam əkibdir
Bizim bağçada
İtburnu kolu.
Nazını çəkib
Bəsləyirik biz
Hər vaxt kolunu.

Nənəm deyir ki,
Soyuqdəymənin
Odur dərmanı.
Qaynadıb versən,
Dərhal sağaldar
Xəstə insanı.

Niyə itburnu
Deyiblər görən,
Onun adına?
İtin burnuna
Oxşamır axı,
Bu meyvə, ana?