İzi qalmadı

Zəhmət çəkib tər tökənin,
Qeyrət toxumu əkənin,
İllər boyu dərd çəkənin
Üzü gülmədi, gülmədi.

Əl çirkidi pul da, var da,
Arxa deyil sənə darda,
Satqınların yaddaşlarda
Adı qalmadı, qalmadı.

Hünər vardı hansı kəsdə,
Silahlandı dəstə-dəstə,
Şəhidlərin qəbri üstə
Güllər solmadı, solmadı.

Mənəm-mənəm deyənlərin,
Sinəsinə döyənlərin,
Hey özünü öyənlərin
Cibi dolmadı, dolmadı.

Namərd girlədi başını,
Sevmədi Vətən daşını,
Köçkünlərin göz yaşını
Niyə silmədi, silmədi?

Hey sızladı bacı, ana,
Fərsiz girdi dondan-dona,
Yurdsuz qalıb sızlayana
Nəzər salmad, salmadı.

Bir xain də deyib-güldü,
Nə el, Vətən qədri bildi,
Kef elədi harda gəldi,
Fikrə dalmadı, dalmadı.

Azdı, çoxdu sənin yaşın,
Xəyanətdən çəkin, daşın,
El dərdindən qəlbidaşın
Gözü dolmadı, dolmadı.

Çox şey umdu bu cahanda,
Xəyal oldu ad da, san da,
Döyüşçü lazım olanda
Qorxaq gəlmədi, gəlmədi.

Nişan alıb vurdu bir də,
Lərzə gəldi göy də, yer də,
Lövbər salıb zirvələrdə
Şəhid ölmədi, ölmədi.

Bu da düşmən dəyirmanı,
Bizdən su tökəni tanı,
Təmiz deyil onun qanı,
Bunu bilmədi, bilmədi.

Saxla iri qılıncını,
Götür, yeri, qılıncını,
Çəkib Misri qılıncını
Ərlər gəlmədi, gəlmədi.

Səf-səf durdu məğrur kəslər,
Vətən darda eli səslər,
Niyə qorxaqlar, nakəslər
Arif olmadı, olmadı?

Nadan elə nadan oldu,
Gödənini güdən oldu,
Əyri yolla gedən oldu,
İzi qalmadı, qalmadı.

22 sentyabr 2000